<

2024-cü ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, yanvar-mart ayları ərzində respublikada 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,4 milyard kubmetr artımla qaz hasil edilib.

3 ay ərzində xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən eynidir. Avropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,3 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib.

2024-cü ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Hesabat dövründə 6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək 634,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 588,9 milyon ton neft, “Şahdəniz”dən isə 45,6 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 aprel 2024-cü il tarixinədək 632,5 milyon tonu ixraca nəql edilib.

Neft emalı 2024-cü ilin yanvar-mart aylarında 1,6 milyon tona yaxın təşkil edib.

Digər xəbərlər