- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Energetika Nazirliyində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 6-cı iclası keçirilib.
İşçi Qrupun sədri energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həllərinin tətbiqi istiqamətində görülən işlər, digər qabaqcıl texnologiyalarla yanaşı bu ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması zərurətinə diqqət çəkib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin cari ildə COP29 beynəlxalq konfransının Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyəti bir daha vurğulanıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb. İşçi Qrupun 5-ci iclasında qəbul edilmiş qərarların icrasına dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat təqdim edilib.
Həmçinin yaşıl enerji zonasında tətbiq edilən müvafiq komponentlərin resurs bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, işğaldan azad edilmiş ərazilərdə mənzil inşaatı, yaşayış binalarının tikintisi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, gündəlikdən irəli gələn digər cari məsələlərlə bağlı yerinə yetirilmiş və icrası nəzərdə tutulan işlər müzakirə edilib.
İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, Mənzil İnşaatı Dövlət Agentliyi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirak edib.