- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Pərviz Şahbazov “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında iştirak edib
Energetika naziri Pərviz Şahbazov COP 28-ə sədrlik edən Birləşmiş Ərəb Əmirliklərinin və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında iştirak edib.
Energetika naziri 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycanın dəstəyini ifadə edib. Nazir Azərbaycanın COP 28 çərçivəsində irəli sürülən təşəbbüslərə qoşulmasını “yaşıl enerji” keçidinə və Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığının “yaşıl enerji” müddəalarının icrasına sadiqliyin göstəricisi kimi dəyərləndirib. Bildirilib ki, Azərbaycan Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialı və növbəti on ildə reallaşdıracağı 10 QVt “yaşıl enerji” layihələri, “yaşıl enerji dəhlizi”, həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı “yaşıl enerji” zonalarına çevirməsi, enerji səmərəliliyi sahəsində islahat tədbirləri ilə bu qlobal təşəbbüsə əhəmiyyətli töhfələr verəcək: “2027-ci ilədək 2 QVt həcmində “yaşıl güc”lərin enerji sistemimizə inteqrasiyası bərpa olunan enerjinin payını 33%-ə yüksəldəcək. Nəticədə 2030-cu ilə 30%-lik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Azərbaycanın bərpa olunan enerjisi həm də avropalı tərəfdaşlarının enerji təchizatını şaxələndirəcək. Hesab edirəm ki, Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir”, deyə nazir əlavə edib.
Qeyd edək ki, tədbirdə 35 ölkə, 13 şirkət və təşkilat təmsil olunub.