<

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb. Görüşdə dünya neft sənayesinin hazırki vəziyyəti, OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan kimi zəngin tarixə malik bir ölkədə olmaqdan məmnunluğunu diqqətə çatdırıb. O, dünya neft bazarında qiymətlərin sabitləşməsi, balansın yaranması və neft hasilatının azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsində Azərbaycanın aparıcı rol oynadığını qeyd edib. Baş katib istehsalçı və istehlakçıların maraqlarını təmin edən vəziyyət yarandıqdan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif ölkələrlə nəzərdən keçirilən əməkdaşlıq platformalarından danışıb.

Neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın da yaxından iştirak etdiyi OPEC və qeyri-OPEC formatının uğurlu olduğunu deyən energetika naziri Pərviz  Şahbazov bildirib ki, neft bazarında tarazlığın bərpası bu əməkdaşlığın nəticəsidir.  “Azərbaycan öz öhdəliyinə sadiqdir və OPEC təşəbbüsünə qoşulan ölkə kimi gələcək müzakirələrdə iştirak etməyə və prosesə öz töhfəsini verməyə hazırdır,” deyə nazir əlavə edib.

Görüşdə cari ilin iyun ayında keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası və 7-ci Beynəlxalq Seminarla bağlı müzakirələr aparılıb. Eləcə də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin  növbəti konfranslarından birinin  Bakıda keçirilməsi təklif olunub.  

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər