<

Azərbaycan Respublikasının energetika nazirinin müavini Gülməmməd Cavadov , ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə "Azərbaycanın Elektrik Enerjsi Bazarında İslahatlar" mövzusunda dəyirmi masa keçirilib. İki gün davam edəcək dəyirmi masa “Elektrik Enerjisi Bazarı haqqında” qanun layihəsini müzakirə etmək üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi Aşağı Emissiya İnkişafı Strategiyası (LEDS) proqramının mütəxəssislərini bir araya gətirib. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış qanun layihəsi rəqabətə əsaslanan elektrik enerjisi bazarına keçid, yeni bazar iştirakçılarını təqdim etmək və Azərbaycanın transsərhəd elektrik ticarətini artırmaq istiqamətində mühüm bir addımdır.

Açılış nitqində energetika nazirinin müavini Gülməmməd Cavadov elektroenegetika sektorunda islahatlar üzrə Energetika Nazirliyi ilə əməkdaşlıq etdiyinə görə ABŞ-ın  Beynəlxalq İnkişaf Agentliyinə təşəkkürünü çatdıraraq, qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün Azərbaycan  enerji təhlükəsizliyini təmin edərək, qlobal layihələrlə Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşa çevrilib. Bununla  yanaşı, bu sahənin idarə edilməsinin müasir çağırışlara cavab verən səviyyədə qurulması islahatların aparılmasını zəruriləşdirir. “Gələcəkdə ölkənin enerji təhlükəsizliyinin dayanıqlığını, səmərəli idarəetməni və keyfiyyətin yüksəldilməsini  təmin etmək  bu sektorda aparılan islahatların hədəfləridir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, xarici və yerli ekspertlərin iştirakı ilə hazırlanan qanun layihəsi düşünürəm ki, Azərbaycanda enerji bazarının liberallaşdırılmasına, rəqabət mühitinin yaradılmasına töhfə verəcəkdir.”

Sonra isə ABŞ səfiri Robert  Sekuta çıxış edərək, qanun layihəsini enerji əməkdaşlığının töhfəsi kimi qiymətləndirib.

“Elektrik Enerjisi Bazarı haqqında” qanun qəbul edilərsə və tam şəkildə icra edilərsə Azərbaycanın enerji sektoru və iqtisadiyyatının inkişafına böyük köməklik göstərəcəkdir. Qanun elektrik enerjisi təchizatının keyfiyyətini artıracaq, müasir, effektiv elektrik enerjisi sistemi və şəbəkəsi üçün zəruri rəqabət mühitinə şərait yaradacaq və səmərəliliyi yüksəldəcəkdir. Elektrik enerjisi sisteminə yeni sərmayələr üçün stimul verəcəkdir.”

Tədbir qanun layihəsinin konsepsiyaları, bu qanunun tətbiqi üçün zəruri olan məcəllələr və qaydalar, elektroenergetika bazarı iştirakçılarından bəhs edən çıxışlarla davam etdirilib.

Qeyd edək ki, USAİD-in Energetika Nazirliyinə texniki yardımı 2016-cı ildə başlayıb. Həmin vaxt tərəflər hökumətin islahat proqramına dəstək olaraq “Elektrik Enerjisi Bazarı haqqında” qanun layihəsinin hazırlanmasında əməkdaşlığa dair  razılıq əldə ediblər.  

Digər xəbərlər