<

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 6-7 may 2018-ci il tarixində İran İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində energetika naziri Tehranda  keçirilən 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya sərgisində iştirak edib  və bir sıra görüşlər keçirib. İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşdə iki ölkə arasında neft-qaz sahəsində  ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, eləcə də 2018-ci il martın 28-də  imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər müzakirə edilib.  Bildirilib ki, İran Milli Neft Şirkəti (NİOC) “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri layihələrində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq Xəzər dənizində müvafiq blokların işlənməsi ilə yeni mərhələyə daxil olacaq.

Görüşdən sonra energetika naziri Pərviz Şahbazov və nümayəndə heyəti sərgi ilə tanış olub  və SOCAR-ın sərgidəki pavilyonuna baş çəkib.

Energetika naziri Pərviz Şahbazov İranın energetika naziri Reza Ardakanian ilə də görüşüb. Söhbət zamanı iki ölkənin enerji sistemləri arasında  həyata keçirilən elektrik enerjisi mübadiləsi,  elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi ilə bağlı  məsələlərə dair fikir mübadiləsi aparılıb.  Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda    İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alıq-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib. Görüşdə həmçinin  Azərbaycan-İran-Rusiya arasında  elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı  müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika  və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”in icrası məqsədilə yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası keçirilib. İclasda bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib, növbəti tədbirlər müəyyənləşdirilib.

Energetika naziri həmçinin  İranın Turbin Mühəndisliyi və İstehsalat Şirkətinə (MAPNA) baş çəkib, şirkətin fəaliyyəti ilə tanış olub. Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Digər xəbərlər