<

Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə tədbir keçirilib. Energetika naziri Pərviz Şahbazov “Azərbaycanda enerjinin gələcəyi” mövzusunda çıxış edib. Nazir çıxışında müasir dövrdə dayanıqlı inkişafın göstəricilərindən biri kimi enerjinin rolunun gücləndiyini və buna görə də enerjiyə etibarlı mənbə və marşrutlarla çıxışın dövlətlərin enerji siyasətinin əsas məqsədlərdən olduğunu vurğulayıb. Çıxışda Azərbaycanın enerji ölkəsi kimi keçdiyi tarixi yola nəzər salınıb, ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün uğurla davam etdirdiyi neft-qaz strategiyasının nailiyyətlərindən bəhs edilib, gələcək istiqamətlər üzrə planlardan danışılıb. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi müddətinin 2050-ci ilədək uzadılması ölkə iqtisadiyyatının inkişafında mühüm hadisə kimi qiymətləndirilib. Eyni zamanda neft-qaz sektorunun qlobal çağırışlara uyğun inkişafının, yeni meyillərin nəzərə alınmasının vacibliyi qeyd olunub. “Bu gün neft ölkələri üçün başlıca prioritetlərdən biri neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir. Azərbaycanda da daha yüksək gəlirli neft və qaz məhsullarının istehsalı və ixracı bizim strateji hədəflərimizdəndir,” deyə energetika naziri bildirib.

Bundan başqa Azərbaycanın qaz ölkəsi və mühüm qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirən “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən, onun böyük bir coğrafiyaya genişlənmə perspektivindən və digər qaz yataqlarının işlənməsinə yol açmasından, son zamanlar elektroenergetika sektorunda aparılan islahatlardan, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verilib.                          

Sonra "Uniper Global Commodities SE" şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti Mixael Hilmer təqdimatla çıxış edib. M.Hilmer “Uniper” şirkətinin keçmiş və gələcək layihələri ilə bağlı və SOCAR ilə enerji səmərəliliyi üzrə yaradılan birgə müəssisə ilə 2016-cı ildən etibarən həyata keçirilən işlər haqqında iştirakçılara məlumat verib. O, şirkətin müxtəlif qurumlarla qurduğu əməkdaşlıq barədə danışıb və bu əməkdaşlığın mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb.

Digər xəbərlər