Energetika naziri Pərviz Şahbazov Antalyada COP31-in Enerji və Nəqliyyat Günündə Qlobal Elektrikləşmə üzrə Nazirlər Görüşü və Forumunda çıxış edib.

Elektrikləşmənin enerji keçidinin yeni arxitekturasını formalaşdırdığı, təmiz elektrik enerjisi təchizatının emissiyaların azaldılmasına və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət etdiyi, Türkiyənin “2035-ci ilədək 35 faiz” təşəbbüsünün elektrikləşməni qlobal gündəlikdə önə çıxardığı vurğulanıb. Bildirilib ki, bütün ölkələrin elektrikləşmənin yaratdığı imkanlardan faydalanmasının təmin edilməsi ədalətli və bərabərhüquqlu enerji keçidi və dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrin hədəfləri ilə enerjiyə çıxışı, maliyyə və texnoloji imkanları arasındakı fərqin azaldılması üçün COP31 çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf kursuna uyğun olaraq ölkəmizin enerji təhlükəsizliyi, təmiz ətraf mühit və yaşıl artım məqsədlərini aşağı karbonlu iqtisadiyyatın qurulması ilə əlaqəli şəkildə həyata keçirdiyi bildirilib. 2032-ci ilədək təxminən 8 QVt külək və günəş enerjisi gücünün yaradılması, enerji səmərəliliyinin artırılması, istilik təchizatı və nəqliyyat da daxil olmaqla müxtəlif sahələrdə elektrikləşmənin genişləndirilməsi, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonaları kimi inkişafının son enerji istehlakında elektrik enerjisinin payının artmasına töhfə verəcəyi qeyd olunub.

Nazir yaşıl enerji dəhlizlərinin artan elektrik enerjisi tələbatını milli sərhədlərdən kənardakı təmiz enerji resursları hesabına qarşılamaq üçün yaratdığı imkanlardan bəhs edib. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən şaxələndirilmiş dəhlizlərlə regionun təmiz enerji resursları üçün yeni bazarlar açmağı və tərəfdaş ölkələrin elektrikləşmə hədəflərinə töhfə verməyi qarşıya məqsəd qoyur. Bu layihələrin qlobal “2035-ci ilədək 35 faiz” hədəfinin irəlilədilməsi üçün də praktik imkanlar yaratdığı vurğulanıb.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının elektrikləşmə üçün regional zəmini genişləndirdiyi, ölkələrimiz arasındakı siyasi etimadın yeni enerji bazarlarının və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib. Bakıda enerji keçidi üzrə əməkdaşlığın maliyyə əsaslarını gücləndirən təşəbbüslərin Antalyada elektrikləşmə gündəliyi çərçivəsində konkret addımlarla davam etdirilməsinin beynəlxalq əməkdaşlığa etimadı artırdığı bildirilib.

 

Digər xəbərlər