- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində dövlət qulluqçuları üçün növbəti təlim keçirilib
Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq çərçivəsində dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması, səriştə əsaslı yanaşmaların dövlət qulluğunda tətbiqinin təşviqi və müasir qiymətləndirmə alətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə təlim təşkil edilib.
“Səriştə modelinin dövlət qulluğunda tətbiqi və qiymətləndirmə alətləri” mövzusuna həsr olunan təlimdə DİM-in əməkdaşları təqdimatlarla çıxış ediblər. Təqdimatlarda dövlət qulluğunun ümumi səriştə modeli, səriştəlilik səviyyələri və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, tələb olunan səriştələrin və peşəkarlıq səviyyələrinin qiymətləndirilməsi üsulları, eləcə də situativ mühakimə testlərinin tətbiqi xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Həmçinin real iş situasiyaları müzakirə edilib, komanda tapşırıqları yerinə yetirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ümumilikdə 28 əməkdaşı iştirak edib.