- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Bakı Enerji Forumu çərçivəsində bir sıra görüşlər keçirilib
Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində “SAİPEM”, “ACWA Power”, “TotalEnergies”, “WindEurope” şirkətləri və Dünya Enerji Şurası ilə əməkdaşlıq görüşləri keçirib.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sədr müavini RaaD al Saady ilə görüşdə 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşası, 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələrinin ixrac imkanları çərçivəsində icrasına dair müzakirələr aparılıb. “Xızı-Abşeron” KES-in gələn il istismara veriləcəyi bildirilib. Görüşdə BESS layihəsi üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb. Həmçinin Naxçıvanın “Yaşıl Enerji Zonası”na çevrilməsi və “yaşıl enerji”nin ixrac infrastrukturunun qurulması planlarına uyğun olaraq “ACWA Power” şirkəti ilə bərpa olunan enerji güclərinin yaradılması üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub.
“TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşdə isə “Abşeron” layihəsinin növbəti mərhələsi “Faza-1” üzrə proseslərin inkişafına və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər nəzərdən keçirilib. Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu layihələrin həyata keçirilməsi ixrac məqsədləri və “yaşıl enerji dəhliz”lərinin yaradılması müstəvisində qiymətləndirilib. Həmçinin söhbət zamanı dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi üzrə əməkdaşlığa da toxunulub.
“WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş icraçı direktoru Gils Dikson ilə görüş zamanı dənizdə külək enerjisi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Dənizdə külək enerjisinin istehsalı və ötürülməsi üçün avadanlıqların təminatı, zəruri infrastrukturun qurulması üzrə əməkdaşlığa “Vestas” şirkətinin maraq göstərdiyi qeyd olunub.
Azərbaycanda neft-qaz yataqlarında dəniz obyektlərinin işlənilməsində uzunmüddətli tərəfdaş olan “SAİPEM” şirkətinin baş icraçı direktoru Alessandro Puliti ilə görüşdə əməkdaşlıq imkanları dəyərləndirilib. Şirkətin bərpa olunan enerji mənbələrinə, dənizdə külək enerjisinə marağına müvafiq olaraq “Yaşıl Enerji Dəhlizi” üçün infrastrukturun qurulmasında iştirak perspektivlərinə toxunulub.
Dünya Enerji Şurasının baş katibi Angela Wilkinson ilə görüşün müzakirə predmetini isə enerji sahəsində trendlər, Azərbaycanın yaşıl enerji keçidi kursu, COP29 çərçivəsində əməkdaşlıq və təşkilatla əlaqələrin inkişafı təşkil edib.