<

Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi Energetika Nazirliyi Avropa Komissiyasına təqdim olunmuş Milli Əlaqələndiricinin Bəyannaməsi ilə müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsi məqsədilə 2019-cu il üzrə İş Planını təsdiq edib.

İş Planına əsasən, nazirlik tərəfindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə birgə il ərzində yerli özünüidarəetmə orqanlarının Merlər Razılaşmasına qoşulması üçün maarifləndirici tədbirlər təşkil ediləcək, bu qurumlara texniki və strateji yardım göstəriləcəkdir.

İş Planına uyğun olaraq, Merlər Razılaşması çərçivəsində enerjiyə qənaət, bərpa olunan enerji istehsalı, emissiyanın azaldılması üzrə öhdəliklərin icrası ilə bağlı monitorinqlər aparılacaq, Energetika Nazirliyi tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və mübadiləsi məqsədilə milli əlaqələndiricilər və yerli özünüidarəetmə orqanları üçün tədbirlər keçiriləcəkdir.

Merlər Razılaşmasına qoşulmuş yerli özünüidarəetmə orqanları həmçinin enerji təhlükəsizliyinin və dayanıqlığının artırılması istiqamətində hazırlanan normativ hüquqi aktların, dövlət proqramları və milli fəaliyyət planlarının icrasına cəlb ediləcəkdir.

İş Planında yerli özünüidarəetmə orqanları ilə dövlət qurumları arasında əməkdaşlığın təşkili və fəaliyyətin əlaqələndirilməsi məqsədilə İşçi Qrupunun yaradılması, Merlər Razılaşması üzrə tədbirlərin təşkilində yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin və qeyri-hökumət təşkilatlarının da iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması İqlim və Enerji Paketinin qəbul edilməsindən sonra Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlaması və həyata keçirilməsində yerli özünüidarə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədilə irəli sürülmüş təşəbbüsdür. Merlər Razılaşması təşəbbüsünün ölkəmizdə genişləndirilməsinə dəstək məqsədilə Energetika Nazirliyi 2018-ci ilin sentyabr ayından Milli Əlaqələndirici qurum kimi fəaliyyətə başlayıb. Bu addim yerli özünüidarəetmə orqanlarının enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, istilik effekti yaradan qaz emissiyalarının azaldılması prosesində fəal iştirakını təmin edəcəkdir.