- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Hidrogen enerjisi
Kainatda ən geniş yayılmış elementlərdən olan hidrogen 1766-cı ildə Henri Kavendiş tərəfindən kəşf edilib. O, qaz halında olan enerji daşıyıcısıdır və yandırıldıqda əmələ gələn yeganə emissiya sudur. İstixana qazı yaratmadan elektrik enerjisi istehsal etmək üçün istifadə edilə bilər, lakin hazırda bu enerji daşıyıcısından, əsasən, sənaye üçün xammal kimi istifadə olunur. Eyni zamanda, suyun elektroliz vasitəsilə hidrogenə və oksigenə parçalanmasından istehsal edilə bilir. Sənaye əhəmiyyətli ilk su elektroliz qurğusu 1888-ci ildə hazırlanıb.
Yer üzündə geniş yayılmasına baxmayaraq, hidrogen atom və ya müstəqil molekul şəklində deyil, əsasən su molekulu və karbohidrogen birləşmələri şəklində mövcud olur. Bu birləşmələrdən hidrogen alınması üçün enerji tələb edilir. İstehsal olunma texnologiyasına görə hidrogen boz, mavi və yaşıl növlərinə ayrılır.
Boz hidrogen karbohidrogen birləşmələrindən istehsal olunur. Buna misal olaraq buxar metan reformasiyası və ya kömürün qazlaşdırılması ilə əldə edilən hidrogen göstərilə bilər. Bu istehsal üsulları əhəmiyyətli həcmdə CO2 emissiyası yaranmasına səbəb olur. Hazırda hidrogenin təxminən dörddə üçü bu üsulla hasil edilir.
Mavi və boz hidrogenin istehsalı eynidir, lakin mavi hidrogen istehsalı prosesində karbon atılmır, tutulur və saxlanır.
Yaşıl hidrogen bərpa olunan enerji mənbələri hesabına hasil edilmiş elektrik enerjisi hesabına istehsal olunur və tam dayanıqlı enerji keçidi üçün ən uyğun hidrogen növdür. Hidrogen qazı əsasən kimya sənayesi, o cümlədən xam neft emalı, ammonyak sintezi (əsasən gübrə istehsalı üçün), metanol istehsalının xammalı, həmçinin yanacaq kimi də istifadə edilir və yandırıldıqda 1000°C-dən çox istilik yarada bilər. Bundan əlavə, hidrogenin yanacaq elementləri vasitəsilə oksigenlə kimyəvi reaksiyasından elektrik enerjisi və su alınır.
Azərbaycanda son dövrdə beynəlxalq enerji şirkətləri ilə bərpa olunan enerji üzrə irimiqyaslı istehsal güclərinin yaradılması və “yaşıl enerji”nin ixracı istiqamətində ardıcıl strateji əhəmiyyətli addımlar atılır. “Masdar”, “ACWA Power”, “Fortescue Future Industries” kimi nəhəng enerji şirkətləri ilə icra ediləcək “yaşıl enerji” layihələri özündə həm də yaşıl hidrogenin istehsalını ehtiva edir.