<

Hər il iyunun 15-i Dünya Külək Günü kimi qeyd edilir və dünya miqyasında European Wind Energy Association (EWEA) və Global Wind Energy Council (GWEC) tərəfindən təşkil edilir. Külək günü, külək enerjisinin gücü haqqında insanların məlumatlanması üçün keçirilən bir gündür. EWEA və GWEC ilə birlikdə külək enerjisi istehsalında iştirak edən milli külək energetika birlikləri və şirkətləri dünyanın bir çox ölkələrində bununla bağlı tədbirlər təşkil edir. 2019-cu ildə dünyada külək enerjisi üzrə 60 QVt yeni güc istifadəyə verilib. Külək enerjisi üzrə qoyuluş gücü 2019-cu ilin sonuna 623 QVt olub ki, bu da bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 24,6%-ni təşkil edir. Külək enerjisi bərpa olunan enerji mənbələrində hidroenerjidən sonra ikinci əsas paya malikdir. Elektrik enerjisi üzrə qoyuluş gücünün təqribən 8%-i külək enerjisinin payına düşməkdədir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) dərc etdiyi "Future of Wind – Külək enerjisininin gələcəyi" adlı hesabata əsasən, qlobal külək enerjisi gücü 2050-ci ilə qədər 10 dəfə artaraq 6000 QVt-dan çox ola bilər. Bunun 5000 QVt-ı quruda, 1000 QVt-ı dənizdə külək enerjisinin payına düşəcək. 
Azərbaycanda 5 külək elektrik stansiyası fəaliyyət göstərir və onların ümumi gücü 66 MVt təşkil edir. Gücü 50 MVt olan “Yeni Yaşma” KES Qafqazda ən böyük gücə malik külək elektrik stansiyasıdır. 2019-cu ildə külək elektrik stansiyalarında istehsal olunmuş elektrik enerjisinin həcmi 105,4 milyon kVt·st olub. Cari  ilin yanvar-may aylarında isə külək elektrik stansiyalarında  45,1 milyon. kVt·st elektrik enerjisi istehsal edilib. Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında imzalanmış icra müqaviləsinə əsasən, 240 MVt gücündə yeni külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur. 

Digər xəbərlər