- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
26 Yanvar Beynəlxalq Təmiz Enerji Günü
Yanvarın 26-sı Beynəlxalq Təmiz Enerji Günüdür. Ötən ildən etibarən təsis edilmiş gün 2009-cu ilin 26 yanvar tarixində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin yaradılması ilə assosiasiya olunur. Bu xüsusi günün qeyd edilməsinin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyaların azaldılması və davamlı enerji keçidi üçün bərpa olunan enerji mənbələrindən istifadənin vacibliyini vurğulamaqdır. Ölkəmizdə də təmiz enerjiyə keçid və yaşıl texnologiyaların tətbiqi istiqamətində mühüm işlər görülür. Yaşıl enerji istehsalının genişləndirilməsi 2030-cu ilədək olan sosial-iqtisadi inkişafa dair milli prioritetlərimiz sırasındadır və onilliyin sonunadək elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin paytaxtımız bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.