<

Azərbaycan Respublikası Energetika Nazirliyinin Ümumi şöbəsi haqqında

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

1.1 Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Ümumi şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüququnu və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.

1.2 Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

1.3 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər qanunvericilik aktlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını rəhbər tutur.

1.4 Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının şöbələri və sektorları (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir;

1.5 Şöbə müvafiq möhürə malikdir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0 Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1 Nazirlikdə kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin edir, habelə Nazirliyin struktur bölmələrinin bu sahədəki fəaliyyətinə əməli və metodiki rəhbərliyi həyata keçirir;

2.0.2 müvafiq sahənin inkişafını təmin edir;

2.0.3 qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3.0 Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1 Nazirliyin aparatında kargüzarlıq işinin təşkili, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirir;

3.0.2 Nazirliyin tabeliyində olan qurumlarda kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə əməli-metodiki rəhbərliyi və səlahiyyətləri daxilində ümumi nəzarəti həyata keçirir;

3.0.3 kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak edir;

3.0.4 Nazirliyə daxil olan sənədləri qəbul etmək, Elektron İdarəetmə Sistemində (bundan sonra - EİS) qeydiyyata almaq, sənədlərin sürətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin edir;

3.0.5 Nazirliyə daxil olan və EİS-də qeydiyyata alınması mümkün olmayan qoşma, kitab, broşür və digər belə sənədlərin Nazirliyin aidiyyəti strukturlarına təhvil verir;

3.0.6 Nazirlikdə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil edir;

3.0.7 xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin edir;

3.0.8 sənədlər üzrə axtarış sistemlərinin qurulmasını və Nazirliyin əməkdaşlarının bu sistemlərdən istifadə etmələrini təşkil edir;

3.0.9 nazir tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədlər, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına səlahiyyətləri çərçivəsində cari nəzarət edir;

3.0.10 vətəndaşların qəbulunu təşkil etmək, icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin edir;

3.0.11 Nazirliyin struktur bölmələrinin kargüzarlıq, sənəd dövriyyəsi, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı fəaliyyətini əlaqələndirmək, həmin strukturların kargüzarlıq üçün məsul olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işlərini aparır;

3.0.12 Nazirlikdən çıxan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi Nazirliyin müvafiq strukturlarına geri qaytarır;

3.0.13 ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya verir;

3.0.14 sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Nazirliyin fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur-siyahısını tərtib edir;

3.0.15 imzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin edir;

3.0.16 fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

3.0.17 qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;

3.0.18 şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır;

3.0.19 Nazirliyin blanklarının uçotunu aparır;

3.0.20 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Şöbənin hüquqları

4.0 Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1 sənədlərin icra müddətinə və vətəndaşların müraciətlərinə baxılmasının gedişinə nəzarət etmək və icra vaxtı keçmiş sənədləri aşkar etmək;

4.0.2 fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

4.0.3 Nazirliyə aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək;

4.0.4 vətəndaşlar tərəfindən Nazirliyə ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Nazirliyin müvafiq strukturlarının iştirakının təmin edilməsi üçün təkliflər vermək;

4.0.5 bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.6 Nazirliyin struktur bölmələri tərəfindən kargüzarlığın aparılması, arxiv işinin təşkili, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində qanunvericiliyin, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını, habelə bu istiqamətlər üzrə onlara verilmiş tapşırıqların, həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək;

4.0.7 fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.8 Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.9 fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.10 müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.0.11 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1 Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Sənədlərin icrasına nəzarət sektoru və Vətəndaşların qəbulu işinin təşkili sektoru daxildir.

5.2 Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3 Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini  həyata keçirir;

5.4 Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5 Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1 şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2 şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3 şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə şöbənin strateji və taktiki fəaliyyət planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və icrasına nəzarət edir;

5.5.4 şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.5 şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.6 şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.7 şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.8 şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.9 şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.10 şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.11 şöbəni təmsil edir.

5.6 Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

6. Sənədlərin icrasına nəzarət sektorunun vəzifələri

6.0  Sənədlərin icrasına nəzarət sektorunun vəzifələri aşağıdakılardır:

6.0.1 Nazirliyə daxil olan sənədləri qəbul edir, Elektron İdarəetmə Sistemində (bundan sonra - EİS) qeydiyyata alır, sənədlərin sürətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin edir;

6.0.2 Nazirliyə daxil olan və EİS-də qeydiyyata alınması mümkün olmayan qoşma, kitab, broşür və digər belə sənədlərin Nazirliyin aidiyyəti strukturlarına təhvil verir;

6.0.3 Nazirlikdə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil edir;

6.0.4 xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin edir;

6.0.5 sənədlər üzrə axtarış sistemlərinin qurulmasını və Nazirliyin əməkdaşlarının bu sistemlərdən istifadə etmələrini təşkil edir;

6.0.6 Nazirlikdən çıxan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, həmçinin göstərilən ünvanların düzgünlüyünü yoxlayır, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi Nazirliyin müvafiq strukturlarına geri qaytarır;

6.0.7 ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya verir;

6.0.9 sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Nazirliyin fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur-siyahısını tərtib edir;

6.0.10 imzalanmış əmrləri qeydiyyata alır, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin edir;

6.0.11 qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;

6.0.12 sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır;

6.0.13 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

7. Vətəndaşların qəbulu işinin təşkili sektorunun vəzifələri

7.0  Vətəndaşların qəbulu işinin təşkili sektorunun vəzifələri aşağıdakılardır:

7.0.1 vətəndaşların qəbulunu təşkil edir, icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin edir;

7.0.2 vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı fəaliyyətini əlaqələndirir, həmin struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işlərini aparır;

7.0.3 vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına səlahiyyətləri çərçivəsində nəzarət edir;

7.0.4 fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

7.0.5 qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;

7.0.6 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.