- ANA SƏHİFƏ
- Əsasnamələr
- Təminat şöbəsinin Əsasnaməsi
Təminat şöbəsinin Əsasnaməsi
Azərbaycan Respublikası Energetika Nazirliyinin
20____ il __ ______ tarixli _____ nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Energetika Nazirliyinin
Təminat şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Təminat şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, funksiyalarını, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikasının Energetika nazirinə (bundan sonra - nazir) tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin fəaliyyəti ilə bağlı tələb olunan malların (işlərin, xidmətlərin) satınalınması, təchizatı və təyinatı üzrə istifadəsinə nəzarət, habelə əməyin mühafizəsinin təmin olunması sahələrində işlərin tənzimlənməsini həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
2.0.1. Nazirlik üçün tələb olunan malların (işlərin, xidmətlərin) satınalınmasını, təchizatını və təyinatı üzrə istifadəsini təmin edir;
2.0.2. əməyin mühafizəsinin təmin olunmasına nəzarəti həyata keçirir;
2.0.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıdakılardır:
3.0.1. Nazirliyin səmərəli fəaliyyəti üçün zəruri olan xidməti avtonəqliyyat vasitələri, mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələri, kargüzarlıq və s. ləvazimatlar üzrə ehtiyaclarını müəyyən etmək və onların satın alınması ilə bağlı təkliflər vermək;
3.0.2. Nazirlik üçün malların (işlərin, xidmətlərin) satınalınması ilə bağlı aidiyyəti strukturlarla birlikdə qanunvericiliklə nəzərdə tutulmuş işləri təşkil etmək və tənzimlənməsini həyata keçirmək, satın alınan malların (işlərin, xidmətlərin) müvafiq keyfiyyət tələblərinə (standartlarına) uyğunluğuna nəzarət etmək;
3.0.3. Nazirliyin rəhbərliyinin və Aparatının struktur bölmələrinin səmərəli fəaliyyəti üçün onların xidməti avtonəqliyyat vasitələri ilə təchiz olunması və həmin avtonəqliyyat vasitələrindən təyinatı üzrə istifadəsi ilə bağlı təkliflər vermək;
3.0.4. qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Nazirlikdə inventarizasiyanın aparılması ilə bağlı tədbirlər görmək;
3.0.5. Nazirliyin Aparatının struktur bölmələrinin səmərəli fəaliyyəti üçün əməkdaşlara lazımi iş şəraitinin yaradılması ilə bağlı rəhbərliyə təkliflər vermək;
3.0.6. Nazirlikdə binanın, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi sahəsində tədbirlər görmək;
3.0.7. Nazirliyin balansında (istifadəsində) olan avtonəqliyyat vasitələrinin satın alınması, istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılmasına nəzarət etmək;
3.0.8. Nazirliyin rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin maddi təminatı ilə bağlı aidiyyəti tədbirlər görmək;
3.0.9. Nazirliyin balansında olan binaların (istifadəsində olan iş sahəsinin), avtonəqliyyat vasitələrinin, inventar və avadanlıqların, qurğuların səmərəli istismar olunması, təyinatı üzrə istifadə edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görmək;
3.0.10. maddi-texniki təchizatın cari vəziyyəti və inkişafı perspektivləri haqqında analitik materiallar hazırlamaq və rəhbərliyə təqdim etmək;
3.0.11. Nazirliyin anbarında olan maddi resursların hərəkətinin uçotu ilə əlaqədar məlumat bazası yaratmaq;
3.0.12. Nazirliyin balansında (istifadəsində) olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görmək;
3.0.13. Nazirliyin inzibati binasının (iş sahəsinin) yanğından mühafizəsi, həmin binada (sahədə) sanitar-gigiyenik normalara riayət olunması və təmizlik işlərinin aparılması ilə bağlı tədbirlər görmək;
3.0.14. Nazirliyin təsərrüfat sərbəstliyinin genişləndirilməsi üçün istehsalçılarla və tədavülçülərlə müqavilənin vaxtlı-vaxtında bağlanması, uzun və qısa müddətli təsərrüfat əlaqələrinin inkişafı üçün tədbirlər görmək;
3.0.15. Nazirliyin əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfat xərclərinin smetasının tərtibində iştirak etmək və onlara nəzarət etmək;
3.0.16. Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan sənədləri rəsmiləşdirmək, vacib təsərrüfat mallarının saxlanmasını təşkil etmək, təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarət etmək;
3.0.17. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.0.18. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. Malların (işlərin, xidmətlərin) satınalınması və təchizat işinin həyata keçirilməsi üzrə zəruri olan materialların təqdim olunmasını Nazirliyin struktur bölmələrindən tələb etmək;
4.0.2. Nazirliyin balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrindən, maddi-texniki təchizat və maddi resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;
4.0.3. əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsini, mənimsənilməsini və onlara əməl edilməsini Nazirliyin struktur bölmələrindən tələb etmək;
4.0.4. Nazirliyin struktur bölmələri tərəfindən balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrindən səmərəli və təyinatı üzrə istifadə olunmasına nəzarət etmək;
4.0.5. Nazirliyin balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrinin təmiz və səliqəli, eləcə də avtomobillərdə quraşdırılmış GPS naviqasiya və video müşahidə sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
4.0.6. Nazirliyin aparatının struktur bölmələrində əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;
4.0.7. xidməti zərurətlə əlaqədar Nazirliyin struktur bölmələrinə, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.8. Nazirliyin aparatının struktur bölmələrinin istifadəsində olan mebel, ofis texnikası, avadanlıq, rabitə və s. vasitələrə onların olduğu yerlər üzrə baxış keçirmək;
4.0.9. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
4.0.10. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.11. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər hazırlamaq;
4.0.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.
5.2. Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Şöbə müdiri:
5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;
5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.5.4. şöbənin fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;
5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.5.8. şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.9. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Nazirliyin rəhbərliyinə təkliflər verir;
5.5.10. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.11. şöbəni təmsil edir.
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.