- ANA SƏHİFƏ
- Əsasnamələr
- Maliyyə şöbəsinin Əsasnaməsi
Maliyyə şöbəsinin Əsasnaməsi
Azərbaycan Respublikası Energetika Nazirliyinin
20____ il __ ______ tarixli _____ nömrəli əmri ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin Maliyyə şöbəsi haqqında
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Maliyyə şöbəsinin (bundan sonra – Şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikasının Energetika nazirinə tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyinin aparatında maliyyə fəaliyyətini və mühasibat uçotunu təşkil edən, əməyin ödənilməsi normalarına əməl olunması və əməkhaqlarının ödənilməsi işlərini təşkil və onlara nəzarət edir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Vergi Məcəlləsini və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorları (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.1.1. Nazirliyin aktivlərinin, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır;
2.1.2. “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na uyğun olaraq Nazirliyin uçot siyasətini həyata keçirir;
2.1.3. Nazirliyin büdcə və büdcədənkənar vəsaitlərinin proqnozlarının yerinə yetirilməsini təmin edir;
2.1.4. Nazirliyə ayrılmış büdcə və büdcədənkənar vəsaitlərin qanunvericiliyin tələblərinə müvafiq qaydada icra olunmasını təmin edir;
2.1.5. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Şöbənin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin əsas vəzifələri aşağıdakılardır:
3.1.1. Nazirliyin aparatının xərclər smetasının tərtib edilməsi və təsdiq olunması üçün Nazirə təqdim edilməsi;
3.1.2. Nazirliyin aparatının aktivlərinin, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması;
3.1.3. Növbəti büdcə ili üzrə Nazirliyin büdcə layihəsinin hazırlanması;
3.1.4. Nazirliyin mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
3.1.5. Nazirliyin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təklif verilməsi;
3.1.6. Nazirliyin və tabeliyində olan qurumlara daxil olan maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
3.1.7. Nazirliyin aparatının işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və sair digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi, Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə maliyyələşmənin tərtib edilməsi və pul vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi;
3.1.8. Xəzinə və bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi;
3.1.9. Nazirliyin inventarizasiya komissiyasının işində nümayəndə vasitəsilə iştirak edilməsi;
3.1.10. Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi;
3.1.11. Nazirliyin aparatının və tabeliyində olan qurumların müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində hazırlanmış ştat cədvəllərinin layihələrinə rəy verilməsi;
3.1.12. Nazirliyin normayaratma fəaliyyətindən irəli gələn tapşırıqların həyata keçirilməsi;
3.1.13. Rəhbər tərəfindən şöbəyə tapşırılmış digər vəzifələrin yerinə yetirilməsi;
3.1.14. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
4. Şöbənin hüquqları
4.1. Şöbənin öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.1.1. Öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları (sənədləri) dövlət və yerli özünüidarə orqanlarından, fiziki və hüquqi şəxslərdən almaq üçün sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.2. Fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ-hüquqi aktların, Nazirliyin hüquqi aktlarının layihələrinə dair təkliflər vermək;
4.1.3. Rəhbərin razılığı ilə səlahiyyətləri çərçivəsində digər orqanlarda Nazirliyi təmsil etmək;
4.1.4. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları yerinə yetirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və işçilərinin sayı Nazir tərəfindən müəyyən olunur.
5.2. Şöbənin fəaliyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.4. Şöbənin digər əməkdaşları qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Şöbə müdiri (baş mühasib):
5.5.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.5.3. Şöbə üzrə Nazirliyin Kollegiya iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini rəhbərliyə təqdim edir;
5.5.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün rəhbərliyə təqdimatlar verir;
5.5.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
5.5.6. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.8. Şöbəni təmsil edir.
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.