<

Azərbaycan Respublikası  Energetika  Nazirliyinin

                                                                                   20_­­___ il __ ______ tarixli _____ nömrəli əmri ilə

                                                                               təsdiq edilmişdir

Azərbaycan Respublikası Energetika Nazirliyinin

İqtisadiyyat şöbəsi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) İqtisadiyyat şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və şöbədə işin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikasının Energetika nazirinə (bundan sonra - nazir) tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətləri çərçivəsində yanacaq-energetika sahəsinin (bundan sonra – müvafiq sahə) iqtisadi vəziyyətinin təhlilini, inkişaf strategiyası və iqtisadi inkişafın istiqamətlərinin müəyyənləşdirilməsini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, nazirin əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bu Əsasnamə ilə müəyyən edilmiş hallarda iştirak edir;

2.0.3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 167 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 15 dekabr 2005-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq ixrac nəzarətinə düşən malların idxalına, ixracına və tranzitinə xüsusi icazə verilməsi, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr  tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” Qaydalarına uyğun olaraq xüsusi icazə verilməsi və 2 fevral 2009-cu il tarixli “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş hallarda şəhadətnamə verilməsi ilə əlaqədar fəaliyyətləri həyata keçirir;

2.0.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsində iştirak edir.

2.0.5. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlər görür.

 

3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, bu istiqamətlər üzrə inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;

3.0.2. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edir;

3.0.3. ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim edir və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;

3.0.4. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir;

3.0.5. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təhlil edir, həmin dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlərin vaxtında qaytarılması ilə bağlı aidiyyəti üzrə təkliflər verir;

3.0.6. enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak edir;

3.0.7. enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərini müəyyən edir;

3.0.8. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlayır və həyata keçirir;

3.0.9. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;

3.0.10. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;

3.0.11. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Nazirliyin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir və bu sahədə görülən işləri əlaqələndirir;

3.0.12. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən karbohidrogen ehtiyatlarının hasilatın pay bölgüsü və ya digər şərtlərə uyğun işlənməsi barədə sazişlərin layihələrinin hazırlanmasında iştirak edir, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət edir;

3.0.13. müvafiq sahəyə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyalar cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;

3.0.14. müvafiq sahəyə investisiyalar cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;

3.0.15. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin hazırlanmasında iştirak edir;

3.0.16. İcazələrin verilməsinə dair Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının və Nazirliyin hüquqi aktlarının tələblərini yerinə yetirir;

3.0.17. Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına uyğun olaraq icazələrin tələblərinə və şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirir;

3.0.18. Nazirlik tərəfindən verilmiş, qeydə alınmış, dayandırılmış, bərpa edilmiş və ləğv edilmiş icazələrin reyestrini aparır;

3.0.19. şöbənin fəaliyyət istiqamətlərinə aid olan məsələlər üzrə fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə və sorğulara baxır, daxil olmuş müraciətlərə və sorğulara vaxtında cavab verir;

3.0.20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi ilə əlaqədar fəaliyyəti həyata keçirir.

3.0.21. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.0.22. şöbənin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan əməkdaşları Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxır və müvafiq qərarlar qəbul edir;

3.0.23. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;

3.0.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. müvafiq sahənin və onun ayrı-ayrı bölmələrinin inkişaf dinamikasını təhlil etmək;

4.0.2. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər vermək;

4.0.3. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;

4.0.4. İcazələrin tələblərinin və şərtlərinin yerinə yetirilməməsinə görə verilmiş icazələrin fəaliyyətlərinin dayandırılması və ya ləğv olunması barədə nazirliyin rəhbərliyinə təkliflər vermək;

4.0.5. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.6. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;

4.0.7. enerji resurslarından səmərəli istifadə sahəsində görülən işlər barədə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;

4.0.8. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.9. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.10. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.11. müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;

4.0.12. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.13. yanacaq-energetika sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.14. şöbənin əməkdaşları tərəfindən aşkar edilmiş çatışmazlıqlar və hüquq pozuntuları haqqında sənədləri tədbir görülməsi üçün aidiyyəti icra hakimiyyəti və hüquq mühafizə orqanlarına göndərilməsi barədə Nazirliyin rəhbərliyinə təklif vermək;

4.0.15. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi sayı nazir tərəfindən müəyyən və təsdiq edilir.

5.2. Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada müdir müavini həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları da nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.5. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.6. şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərin görülməsi barədə nazirə təqdimat verir;

5.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.5.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.10. şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.