<

Azərbaycan Respublikası Energetika Nazirliyinin
Elektron idarəetmə sektoru haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Elektron idarəetmə sektorunun (bundan sonra – sektor) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Sektor Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Sektor bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin vahid kompüter şəbəkəsinin, internet səhifəsinin yaradılması, təkmilləşdirilməsi, onların işinin təşkil olunması, informasiya və proqram təminatı sisteminin yaradılması və təkmilləşdirilməsini, onun fasiləsiz işlək vəziyyətdə saxlanılmasını, informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron imza vasitələrinin hazırlanması, tərtibi və idarə edilməsi, informasiya texnologiyalarının inkişafı strategiyasına uyğun olaraq elektron xidmətlər şəbəkəsinin inkişafı, nazirliyin ayrı-ayrı strukturları tərəfindən əhaliyə göstərilən xidmətlərin, eyni zamanda elektron sənəd dövriyyəsinin elektron formada tətbiqinin təmin edilməsini həyata keçirir.
1.3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"ni, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Sektorun fəaliyyət istiqamətləri

2.0. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Nazirliyin vahid kompüter şəbəkəsinin, informasiya və proqram təminatının yaradılmasını və təkmilləşdirilməsini təmin edir;
2.0.2. Nazirliyin elektron xidmətlərinin təmin olunması və təkmilləşdirilməsi üzrə fəaliyyəti əlaqələndirir;
2.0.3. Nazirliyin rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının fəaliyyətinin tənzimlənməsini, proqram təminatının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını həyata keçirir;
2.0.4. informasiya təhlükəsizliyinin təmini ilə əlaqədar tədbirləri yerinə yetirir;
2.0.5. müvafiq sahənin inkişafını təmin edir;
2.0.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Sektorun vəzifələri

3.0. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. Kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsini təmin edir;
3.0.2. Nazirliyin informasiya və proqram təminatı sisteminin yaradılması və onun fasiləsiz işlək vəziyyətdə saxlanılmasını təmin edir;
3.0.3. İnformasiya və kommunikasiya texnologiyalarını, proqram təminatını təkmilləşdirir;
3.0.4. İnformasiya təhlükəsizliyini təmin edir, bu sahələrdə riskləri qiymətləndirir və mütəmadi olaraq monitorinqlər həyata keçirir;
3.0.5. Məlumat bazasının monitorinqinin aparılmasını, administrator və proqramçıların səlahiyyətlərinin idarə edilməsini və məhdudlaşdırılmasını həyata keçirir;
3.0.6. Nazirliyin struktur bölmələrində kompüter və buraxılış nəzarət sistemlərin idarə edilməsini təşkil edir, kompüterlərin giriş-çıxış portlarına və elektron poçt ünvanlarına nəzarəti təmin edir;
3.0.7. Elektron imza vasitələrinin (İD kartların) hazırlanmasını, sertifikatların həmin kartlara yazılmasını və çap edilməsini təşkil edir;
3.0.8. Elektron imza vasitələrinin istifadəçiyə çatdırılmasını təşkil edir;
3.0.9. Nazirliyin internet şəbəkəsinin xidmətlərindən istifadənin təkmilləşdirilməsini və elektron sənəd dövriyyəsini təşkil edir;
3.0.10. Elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının portallara inteqrasiyasını həyata keçirir və yeni xidmətlərin yaradılması üzrə təkliflərlə çıxış edir;
3.0.11. Nazirliyin struktur vahidlərində mövcud olan informasiya sistemlərinin, texniki avadanlıqların işlək vəziyyətdə olmasını və texniki nasazlıqların, sistemdaxili və sistemlərarası qırılmaların, donmaların və xətaların aradan qaldırılmasını təmin edir, mövcud şəbəkə avadanlıqlarının texniki hissələrinin təmir edilməsi və ya dəyişdirilməsi, o cümlədən profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq şəxslərlə (fiziki və hüquqi şəxslərlə) qarşılıqlı əməkdaşlıq edir;
3.0.12. Müvafiq sahənin inkişaf etdirilməsi məqsədilə yeni avadanlıqların alınması, proqram təminatının yenilənməsi, müvafiq lisenziyaların və sertifikatların alınması, şəbəkə infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı nazirliyin rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlayır;
3.0.13. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, habelə nazirliyin hüquqi aktları ilə təsdiq edilmiş tədbirlər planlarının sektorun fəaliyyət istiqamətləri üzrə icrasını təşkil edir, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
3.0.14. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından sektora daxil olmuş müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
3.0.15. Sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir;
3.0.16. Sektorun iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır;
3.0.17. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Sektorun hüquqları

4.0. Sektor öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. Nazirlikdə tətbiq olunan iş proseslərinin proqram təminatının yaradılması, kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsi, nazirliyin rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının və xidmətlərinin fasiləsiz işinin təşkili prosesinə zərurət yarandıqda mütəxəssislərin cəlb edilməsi üçün rəhbərliyə müvafiq təkliflər vermək;
4.0.2. Vəzifə funksiyalarının icrası ilə əlaqədar nazirliyin struktur bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular vermək və məlumatlar almaq;
4.0.3. Müvafiq sahə üzrə nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar ilə müzakirələr aparmaq;
4.0.4. Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması ilə bağlı təkliflər vermək;
4.0.5. Rəhbərliyin tapşırığı ilə Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Sektorun fəaliyyətinin təşkili

5.1. Sektorun strukturu və işçilərin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.
5.2. Sektorun fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir. Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektorun əməkdaşlarından biri və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Sektorun digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
5.4. Sektor müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
5.4.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. Sektorun əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
5.4.3. Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.4.4. Sektor üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, sektor tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. Sektorun inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.6. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;
5.4.7. Sektorun vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.4.8. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.9. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.4.10. Sektorun əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.4.11 Sektoru təmsil edir.
5.5. Sektorun əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.