<

Azərbaycan Respublikası Energetika Nazirliyinin Çağrı mərkəzi sektoru haqqında 

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Çağrı mərkəzi sektorunun (bundan sonra – sektor) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Sektor Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Sektor bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində sektora daxil olan müraciətlərin hüquqi aktların tələblərinə uyğun olaraq operativ qəbulu, baxılması, cavablandırılması və tələb olunan digər informasiya xidmətlərinin göstərilməsinin  təşkilini və tənzimləməsini həyata keçirir.

1.3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Sektorun fəaliyyət istiqamətləri

2.0. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. sektorun fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq həyata keçirilməsini təmin edir;

2.0.2. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sektora daxil olan müraciətlərin qəbul edilməsini, baxılmasını, cavablandırılmasını, araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsini və müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsini təmin edir;

2.0.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Sektorun vəzifələri

3.0. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müraciətlərin qəbulu, baxılması, cavablandırılması və tələb olunan digər informasiya xidmətlərinin göstərilməsini həyata keçirir;

3.0.2Nazirliyin rəsmi rabitə xətti vasitəsilə daxil olan zəngləri aidiyyəti struktur bölmələrə və ya şəxslərə yönləndirir;

3.0.3. sektora müraciət edən şəxslərə müvafiq Qaydalara uyğun olaraq operativ telefon məlumat xidmətlərinin göstərilməsini təmin edir;

3.0.4. sektora daxil olmuş müraciətlərin təhlilini aparmaq və bununla bağlı müvafiq hesabatlar hazırlayaraq Nazirliyin rəhbərliyinə təqdim edir;

3.0.5. sektorda göstərilən xidmətlərin uçotunun və keyfiyyətinə nəzarətin, sektordaxili qiymətləndirmənin aparılmasını həyata keçirir, daxil olan müraciətlərlə bağlı dövri hesabatları hazırlayaraq Nazirliyin rəhbərliyinə təqdim edir;

3.0.6. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənir və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlayır;

3.0.7. energetika sahəsinə aid qanunvericilikdə baş verən, o cümlədən Nazirliyin səlahiyyətlərinə aid olan müvafiq yenilik, əlavə və dəyişiklikləri mütəmadi olaraq diqqətdə saxlayır və telefon məlumat xidməti zamanı istifadə edir;

3.0.8. Nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə müvafiq məlumatlandırma xidmətlərini göstərir;

3.0.9. sektorun iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır; 

3.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Sektorun hüquqları

4.0. Sektor  öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə Nazirliyin hüquqi aktlarının layihələrinə dair təkliflər hazırlamaq;

4.0.2. xidməti zərurətlə əlaqədar Nazirliyin struktur bölmələrinə  müraciətlər və məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.3. müvafiq sahəni tənzimləyən hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.0.4. müvafiq sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.5. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.0.6. müraciətin cavablandırılmasında çətinlik olduqda və ya tərəddüd edildikdə Nazirliyin struktur bölmələrinə müraciət etmək;

4.0.7. xüsusi hallarda, müraciətlə əlaqədar bilavasitə araşdırılma aparılması zərurəti tələb olunduqda müraciət edəni qəbula dəvət etmək;

4.0.8. daxil olmuş şikayət və ya sorğu xarakterli müraciətlərin araşdırılması və nəticəsi barədə aidiyyəti üzrə məlumat verilməsi məqsədilə Nazirliyin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə Aparatın rəhbərinə müraciət etmək;

 4.0.9. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.10. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

4.0.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Sektorun fəaliyyətinin təşkili

5.1. Sektorun strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.            

5.2. Sektora nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir. Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektorun əməkdaşlarından biri və ya nazir tərəfindən təyin edilmiş digər şəxs həyata keçirir.

5.4. Sektorun digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Sektor müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. sektorun əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
5.5.3. sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib

edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.5.4. sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün rəhbərliyə təqdimat verir;

5.5.5. sektorun vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan  zəruri məlumat və sənədləri alır;

5.5.6. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.7. sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir.

5.5.8. sekrorun əməkdaşları Əsasnamənin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyirlar;                 
5.5.9. sektorun əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.10. sektoru təmsil edir.

5.6. Sektorun əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.