<

Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatı haqqında
ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının (şöbələr və sektorlar) fəaliyyət istiqamətini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Nazirliyin Aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirlik haqqında Əsasnaməni, Nazirliyin Kollegiya qərarlarını, energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirliyin Aparatı öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
 
2. Nazirliyin Aparatının fəaliyyət istiqaməti
Nazirliyin Aparatının fəaliyyət istiqaməti Nazirlik haqqında Əsasnamədə təsbit olunmuş vəzifə və hüquqların (bundan sonra - Nazirliyin səlahiyyətləri) Nazirlik tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.
 
3. Nazirliyin Aparatının vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətinə uyğun olaraq, Nazirliyin Aparatının vəzifələri aşağıdakılardır:
3.0.1. Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud Nazirliyin tabeliyində olan qurumları və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxsləri (bundan sonra - müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri) cəlb etməklə müvafiq tədbirlər görür;
3.0.2. Nazirliyin, o cümlədən nazirin və nazir müavinlərinin fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki təminatını həyata keçirir;
3.0.3. Nazirliyin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təmin edir;
3.0.4. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin hüquqi aktlarının, habelə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıq və göstərişlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim edir;
3.0.5. Nazirliyin hüquqi akt layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş məcburi ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin edir;
3.0.6. Nazirliyin kollegiya qərarlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün tədbirlər görür;
3.0.7. Nazirliyin hüquqi akt layihələrini hazırlamaq və Nazirliyin Aparatının şöbələri və sektorları (bundan sonra - struktur bölmələri) və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış layihələrin ekspertizasını keçirir;
3.0.8. Nazirin və nazir müavinlərinin tapşırıqlarını həyata keçirir;
3.0.9. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, habelə nazirin və nazir müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;
3.0.10. Nazirlikdə baxılmış məsələlər haqqında məlumatları qanunvericiliyə, Nazirliyin hüquqi aktlarına, nazirin və ya nazir müavinlərinin göstərişlərinə uyğun olaraq, dövlət orqanlarına, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinə, habelə müraciət (sorğu) etmiş şəxslərə göndərir;
3.0.11. Nazirlikdə keçirilən iclaslarda iştirak edən şəxslərin qeydiyyatının aparılmasını təmin edir;
3.0.12. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının və tapşırıqlarının, Nazirliyin hüquqi aktlarının, habelə nazirin və nazir müavinlərinin, Nazirliyin Aparat rəhbərinin (bundan sonra - Aparat rəhbəri) göstərişlərinin Nazirliyin Aparatının struktur bölmələri tərəfindən icrasına nəzarəti təşkil və təmin edir;
3.0.13. Nazirin, nazir müavinlərinin və ya Aparat rəhbərinin sədrlik etdiyi iclasların, nazir və nazir müavinlərinin rəhbərliyi ilə keçirilən tədbirlərin, habelə Nazirliyin Aparatında təşkil edilən digər görüş və müşavirələrin hazırlanmasını və maddi-texniki təchizatını təmin edir, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlayır;
3.0.14. Nazirliyin hüquqi aktlarını, Nazirliyin, o cümlədən nazirin, nazir müavinlərinin və Aparat rəhbərinin sədrlik etdikləri iclasların protokollarını, habelə nazirin və nazir müavinlərinin imzaladığı digər sənədləri rəsmiləşdirir;
3.0.15. Nazirin, nazir müavinlərinin, habelə Aparat rəhbərinin çıxışlarını və məruzələrini hazırlayır;
3.0.16. Nazirin və nazir müavinlərinin səfərlərini, habelə onların iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını təşkil edir;
3.0.17. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması və təsdiq olunması üçün tədbirlər görür;
3.0.18. Nazirliyin hüquqi aktlarını rəsmi şərh edir;
3.0.19. dövlət və yerli özünüidarəetmə orqanlarından, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən, fiziki və hüquqi şəxslərdən daxil olan məlumat və təklifləri təhlil edib ümumiləşdirərək, nazirə və nazir müavinlərinə təqdim edir;
3.0.20. Nazirliyin kollegiya iclaslarını  təşkil etmək, kollegiya iclasının gündəliyini kollegiyanın sədri ilə razılaşdırır;
3.0.21. Nazirliyin Aparatının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, Nazirliyin malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.0.22. Nazirliyin Aparatının əməkdaşlarını kurs və təlimlərə cəlb və bu məqsədlə ezam edir, həmçinin əməkdaşların ixtisasının artırılması və əlavə təhsili üçün tədbirlər görür;
3.0.23. Nazirliyin Aparatında kargüzarlığı təşkil edir, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlayır;
3.0.24. fiziki və hüquqi şəxslərdən daxil olmuş müraciətləri (sorğuları) təhlil edir və onlara baxılmasını təmin edir, fiziki şəxslərin qəbulunu həyata keçirir;
3.0.25. Nazirliyin Aparatının maliyyə, təsərrüfat və maddi-texniki təminatı məsələlərini həll edir;
3.0.26. Nazirlik haqqında Əsasnamə, habelə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin və Nazirliyin başqa aktları ilə  müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
 
4. Nazirliyin Aparatının hüquqları
4.0. Nazirliyin Aparatının öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər vermək;
4.0.2. müvafiq hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə razılaşdırmaq, habelə onların hazırlanmasında iştirak etmək;
4.0.3. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları nazirə və nazir müavinlərinə, habelə Nazirliyin Aparatının rəhbərinə təqdim etmək;
4.0.4. Nazirliyin hüquqi aktları ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət orqanları ilə əməkdaşlıq etmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;
4.0.5. Nazirliyin hüquqi aktları ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində beynəlxalq, ölkə və ya region miqyaslı tədbirlərdə iştirak etmək;
4.0.6. hər hansı məsələnin araşdırılması və ya həlli üçün aidiyyəti dövlət orqanlarının, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri cəlb etməklə işçi qruplar yaratmaq;
4.0.7. dövlət və yerli özünüidarəetmə orqanlarına, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinə, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.8. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
4.0.9. Nazirlik haqqında Əsasnamə, habelə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin başqa aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Nazirliyin Aparatının fəaliyyətinin təşkili
5.1. Nazirliyin Aparatı fəaliyyətini Aparatın struktur bölmələri vasitəsilə həyata keçirir.
5.2.  Nazirliyin Aparatının struktur bölmələri kurasiya üzrə vəzifə bölgüsünü rəhbər tuturlar.
5.3. Nazirliyin Aparatının işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
5.4. Aparat rəhbəri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Nazirliyin Aparatının inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlik haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
5.6. Aparat rəhbəri nazirə və nazir müavinlərinə tabedir.
5.7. Aparat rəhbərinin 2 (iki) müavini vardır.
5.8. Aparat rəhbəri:
5.8.1. Nazirliyin Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə Aparat rəhbərinin müavinlərinin, kurasiya üzrə Nazirliyin Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;
5.8.2. Nazirin sədrlik etdiyi Nazirliyin iclaslarının, habelə nazirin və nazir müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirləri təşkil edir;
5.8.3. Kurasiya üzrə Nazirliyin Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün nazirə təqdim edir;
5.8.4. Nazirliyin Aparatını təmsil edir;
5.8.5. Nazirin və nazir müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;
5.8.6. Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyin Aparatının struktur bölmələrinə və Nazirliyin tabeliyində olan qurumlara müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır;
5.8.7. Nazirliyin Aparatının struktur bölmələrinin, həmçinin Nazirliyin tabeliyində olan qurumların işini əlaqələndirir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
5.8.8. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Nazirliyin Aparatında məxfiləşdirilməli məlumatların siyahısının hazırlanmasını və təsdiq üçün nazirə təqdim olunmasını təmin edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
5.8.9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Nazirliyin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulması barədə təkliflərini nazirə təqdim edir;
5.8.10. Nazirliyin Kollegiya iclaslarının gündəliyi layihəsinin hazırlanmasını və müvafiq materiallarla birlikdə nazirə təqdim edilməsini təşkil edir;
5.8.11. Nazirliyin iclaslarında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və foto çəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir;
5.8.12. Nazirlik tərəfindən təşkil olunan iclaslarda iştirak edir;
5.8.13. Nazirliyin Aparatının əməkdaşlarının maddi təminatının, əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə nazirə təkliflər verir;
5.8.14. bu Əsasnamə, Nazirlik haqqında Əsasnamə, Nazirliyin hüquqi aktları, eləcə də nazirin və nazir müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.
5.9. Aparat rəhbərinin müavinləri onlara nazir və nazir müavinləri tərəfindən həvalə olunmuş vəzifələri və Aparat rəhbərinin tapşırıqlarını yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.
5.10. Aparat rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini Aparat rəhbərinin müavinlərindən biri icra edir.
5.11. Aparatın əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.