Ölkəmizin enerji səmərəliliyi siyasəti 1996-cı ildə "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə həyata keçirilməyə başlanılıb. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında enerji səmərəliliyinə əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadiyyatın formalaşdırılması prioritet kimi müəyyən edilib. Enerji səmərəliliyi məsələləri “Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 1996-cı il tarixli 512 nömrəli Fərmanına və Nazirliyin Əsasnaməsinə uyğun olaraq enerji səmərəliliyi sahəsində dövlət siyasətini Energetika Nazirliyi həyata keçirir.

 

İstehsal və istehlakda səmərəlilik

Enerji səmərəliliyinin təmin edilməsi üçün paralel olaraq həm istehsal, həm də istehlak sektorunda mühüm tədbirlər həyata keçirilir.

İstehsal sektorundakı tədbirlərə misal olaraq, neft emalı sahəsində yenidənqurma işlərinin aparılması, müasir tələblərə cavab verən yeni elektrik stansiyalarının tikintisi, istifadədə olan stansiyaların modernizasiyası, energetika sistemində itkilərin azaldılması, elektrik stansiyalarının xüsusi sərfiyyatının müasir normalara çatdırılması istiqamətində görülən işləri qeyd etmək olar.

İstehlak sektorunda həyata keçirilən tədbirlərin mühüm hissəsini əhalinin maarifləndirilməsi və istehlakçıların enerji səmərəliliyi tədbirlərinə cəlb edilməsi məqsədilə təbliğatın genişləndirilməsi təşkil edir. Enerji resurslarından səmərəli istifadə edən cihaz və avadanlıqların istifadəsi, tikinti və təmir işlərində enerji səmərəliliyi normalarına əməl edilməsi, müasir standartların tətbiqinin genişləndirilməsi, effektivlik norma və qaydalarına riayət edilməsi istehlakda səmərəliliyin təmin edilməsinin əsas hissəsini təşkil edir.

Enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətlər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanunu ilə tənzimlənir.

Qanunun tətbiqi ilə bağlı bir sıra normativ-hüquqi akt layihələri hazırlanmış, enerji auditinin keçirilməsi, enerji menecment sistemi – İSO50001 standartının tətbiqi, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi və s. kimi məsələləri əhatə edən aktlar hökumət tərəfindən təsdiq edilmişdir.

 

Səmərəlilik Milli Prioritetlər sırasında

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ölkəmizin beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Bu prioritet çərçivəsində enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji və ekoloji nəqliyyatın genişləndirilməsi nəzərdə tutulub.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda enerji səmərəliliyinin təmin edilməsi fəaliyyət istiqamətində  aşağıdakı tədbirlərin həyata keçirilməsi Energetika Nazirliyinə həvalə olunub:

1. İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyinin təmin edilməsi;

2. Enerjinin istehsalı və təchizatı (nəql, ötürülmə, paylanma və s.) sahələrində enerji səmərəliliyinin təmin edilməsi;

3. Özəl (yaşayış, kommersiya və ofis) və ictimai binalar üçün Milli Renovasiya Proqramının hazırlanması və həyata keçirilməsi;

4. Enerji səmərəliliyinə dair normativ texniki aktların hazırlanması, monitorinq və hesabatlılıq sisteminin tətbiq edilməsi.

 

“Yaşıl enerji” zonası və Böyük Qayıdış

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədləri sırasında təbii resurslardan səmərəli və effektiv istifadə etmək, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının təşviqini təmin etmək kimi məsələlər vardır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda enerji səmərəliliyinin təmin edilməsi və yaşıl texnologiyaların tətbiq edilməsi istiqamətində aşağıdakılar nəzərdə tutulur:

- Tikintidə enerji səmərəliliyi tələblərinin müəyyən edilməsi;

- Enerji istehlak edən və enerji istehlakına təsir edən cihazların, avadanlıqların və materialların seçimi zamanı enerji səmərəliliyinin nəzərə alınması üçün təkliflərin hazırlanması;

- İqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi məqsədilə tədbirlərin təşviqi;

- Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblərin müəyyən edilməsi;

- Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi;

- Tikinti qurğularında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi ;

- Yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi;

- Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması;

- Nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsi.

 

Enerji səmərəliliyinin hüquqi tənzimlənməsi

Qanunvericilik bazasının, proqram və hədəflərin, standart və normaların mövcudluğu, müasir idarəetmə prinsiplərinin tətbiqi və təşviqedici mexanizmlər enerji səmərəliliyinin təmin edilməsi üçün əsas amillərdən hesab edilir.

Bu məqsədlə Energetika Nazirliyi tərəfindən ilk növbədə qanunvericilik bazasının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. 2016-cı ildə Avropa İttifaqı tərəfindən “EU4Energy” Proqramı  çərçivəsində Enerji Xartiyasının dəstəyi ilə səmərəlilik sahəsində qanun layihəsi hazırlanıb. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 359-VIQ nömrəli Qanunu 9 iyul 2021-ci il tarixində təsdiq edilib və 2022-ci ilin 1 iyul tarixindən  qüvvəyə minib.

Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 31 avqust tarixli 529s nömrəli Sərəncamı ilə verilmiş tapşırıqlar əsasında enerji auditi, enerji effektivliyi xidmətləri, enerji menecmenti sistemi, binaların pasportlaşdırılması, etiketləmə, enerji idarəçilərinin təyini və s. sahələrdə aşağıdakı qaydalar hazırlanıb:

     1. “Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”

      2. Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması   

           3. Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin  və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar

           4. “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”

           5. Enerji menecment sisteminə dair  tələblər

           6. Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası

           7. Enerji istehlakı ilə  əlaqədar məhsulların  etiketlənməsi Qaydaları

           8. Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri

           9. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası

          10. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması

          11. Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları

          12. Binalar üçün minimum enerji effektivliyi Normaları

          13. Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası

Digər xəbərlər