Ümumi məlumat

· Türk Dövlətləri Təşkilatı (TDT) – türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 03.10.2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 01.11.2012-ci il tarixində yaradılmışdır. Təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi statusa malikdir.

· TDT-nin mənzil-qərargahı İstanbul şəhərində yerləşir. TDT-nin eyni zamanda Macarıstanın paytaxtı Budapeştdə ofisi fəaliyyət göstərir. TDT-nin Baş katibi 11.11.2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).

· TDT-nin əsas fəaliyyət istiqamətləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilir.

· TDT-nin fəaliyyətini təmin etmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün strukturu aşağıdakı kimidir: Dövlət Başçıları Şurası (Zirvə), Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası və Katiblik.

· TDT ilə əlaqəli orqan və təşkilatlar aşağıdakılardır:

- Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA)

- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY)

- Türk Akademiyası

- Türk Mədəniyyəti və İrsi Fondu

- Türk Biznes Şurası

- Türk Ticarət və Sənaye Palatası

- Türk İnvestisiya Fondu

· TDT-nin bu günədək 12 Zirvə Görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd, Astana, Bişkek, Qəbələ) keçirilmişdir.

· TDT-nin 7-ci Zirvə Görüşü 2019-cu il 15 oktyabr tarixində Bakı şəhərində, 12-ci Zirvə Görüşü isə 2025-ci il 7 oktyabr tarixində Qəbələdə keçirilmişdir.

 

     TDT çərçivəsində enerji sahəsində əməkdaşlıq

· TDT çərçivəsində enerji sahəsində əməkdaşlığın təməli 2021-ci ildə ölkəmizin təşkilata sədrliyi dövründə qoyulmuş və ilk dəfə TDT-nin energetika nazirlərinin iclası baş tutmuşdur.

· TDT-nin energetika nazirlərinin iclaslarından bir gün öncə TDT-nin Enerji üzrə İşçi Qrupunun iclası keçirilir.

· TDT çərçivəsində enerji sahəsində əməkdaşlıq “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027-ci illər)” və onun Fəaliyyət Planı əsasında həyata keçirilir. Sözügedən sənədlərin icrasına nəzarət məqsədilə TDT-nin Enerji Əməkdaşlığı üzrə Əlaqələndirmə Komitəsi yaradılmışdır. Komitədə hər ölkə müvafiq dövlət orqanının rəhbərinin müavini səviyyəsində təmsil olunur.

· TDT-yə üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin indiyədək keçirilmiş 5 iclasında Azərbaycan Respublikasının energetika naziri iştirak etmişdir:

- 1-ci iclas 24.02.2021-ci il tarixində, Azərbaycanın sədrliyi ilə onlayn;

- 2-ci iclas 28.09.2022-ci il tarixində, Almatı;

- 3-cü iclas 30.03.2023-cü il tarixində, Budapeşt;

- 4-cü iclas 16.09.2024-cü il tarixində, Bişkek,

- 5-ci iclas 10.12.2025-ci il tarixində, İstanbulda.

· 16.09.2024-cü il tarixində Bişkekdə energetika naziri Pərviz Şahbazov və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilmişdir.