Ümumi məlumat

· 2001-ci ildə 10 qaz ixrac edən ölkənin (Əlcəzair, İran, Qətər, Rusiya Federasiyası, Oman, İndoneziya, Malayziya, Türkmənistan, Bruney və Norveç) iştirak etdiyi Tehran görüşündə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yaradılması barədə qərar qəbul olunub və 2008-ci ildə Moskvada keçirilmiş 7-ci Nazirlər iclasında GECF hüquqi olaraq  təsis edilib.

· Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 8 müşahidəçi (Anqola, Azərbaycan, İraq, Malayziya, Mavritaniya, Peru, Mozambik və Seneqal) üzvü var.

· 23.10.2025-ci il tarixində Dohada keçirilmiş GECF-in 27-ci Nazirlər Görüşü zamanı Philip Mshelbila (Nigeriya) iki il müddətinə GECF-in Baş katibi təyin olunub.

· Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, LNG istehsalının isə 85 faizi cəmləşir.

GECF aşağıdakı məqsədlərin həyata keçirilməsinə səy göstərir:

-    Təbii qazın əsas yanacaq kimi seçimini təşviq etmək;

-    Üzv ölkələrin gələcəkdə təbii qaz bazarının inkişafı və qiymətləndirilməsi, yaranacaq  imkanlardan mənfəət götürülməsi, qarşıya çıxan problemlərin həll edilməsinə dəstək göstərmək;

-    Qlobal qaz bazarının beynəlxalq səviyyədə inkişafını təşviq etmək;

-    Üzv ölkələr arasında əməkdaşlığı dəstəkləmək.

    Forumun bugünədək 7 sammiti keçirilib: 1-ci sammit 2011-ci ildə Dohada (Qətər), 2-ci sammit 2013-cü ildə Moskvada (Rusiya Federasiyası), 3-cü sammit 2015-ci ildə Tehranda (İran), 4-cü    sammit 2017-ci ildə Santa Kruzda (Boliviya), 5-ci sammit 2019-cu ildə Malaboda (Ekvatorial Qvineya), 6-cı sammit 2022-ci ildə Dohada (Qətər), 7-ci sammit isə 2024-cü ildə Əlcəzairdə  (Əlcəzair).

       

 Azərbaycanla əməkdaşlıq

· 23.11.2015-ci il tarixində GECF-in Tehranda keçirilmiş 3-cü sammitində Azərbaycan təşkilata müşahidəçi statusunda qoşulub.

· 5-6 iyun 2024-cü il tarixlərində GECF-in baş katibi Mohamed Hamel Bakı Enerji Forumunda iştirak edib.

· GECF-in indiyə qədər 27 Nazirlər Görüşü keçirilib və Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən bu görüşlərdə mütəmadi olaraq yüksək səviyyədə iştirak edilir.