- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
Ümumi məlumat
· Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) – Qara dəniz regionunda yerləşən ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq təşkilatdır. QDİƏT Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə yaradılmış və üzv dövlətlərin dövlət və hökumət başçılarının 05.06.1998-ci il tarixində Ukraynanın Yalta şəhərində keçirilmiş toplantısında Yalta Əsasnaməsini imzalanması ilə tam olaraq təşkilat statusu almışdır.
· Hazırda təşkilata 13 üzv dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə və Ukrayna.
· Qara dəniz regionunda uzun müddətli və əməkdaşlığın güclənidirilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi əməkdaşlığın təşviqi vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi QDİƏT-in əsas məqsədləridir.
· QDİƏT-in baş katibi 2021-ci ildən Lazar Comanescudur (Rumıniya).
· QDİƏT çərçivəsində əməkdaşlıq aşağıdakı strukturlar vasitəsilə həyata keçirilir:
- Xarici İşlər Nazirləri Şurası
- Yüksək Vəzifəli Şəxslər Komitəsi
- Katiblik
· QDİƏT ilə əlaqəli orqan və təşkilatlar aşağıdakılardır:
- QDİƏT-in Parlament Assambleyası (PABSEC)
- Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSDTB)
- QDİƏT-in Biznes Şurası (BSECBC)
- Qara Dəniz üzrə Beynəlxalq Araşdırma Mərkəzi (ICBSS)
QDİƏT çərçivəsində enerji sahəsində əməkdaşlıq
· QDİƏT-in enerji sahəsində əsas prioritetləri 2023-cü ildə qəbul edilmiş “QDİƏT-in İqtisadi Gündəliyi” sənədinin “Dayanıqlı Enerji və Qara Dəniz Enerji Bazarının İnkişafı” bəndi ilə müəyyən edilmişdir.
· İndiyədək QDİƏT çərçivəsində energetika nazirlərinin 7 iclası keçirilmişdir. QDİƏT-in energetika nazirlərinin sonuncu iclası 11.04.2012-ci il tarixində Serbiyanın paytaxtı Belqradda keçirilmişdir.
· QDİƏT-in Yaşıl Enerji Şəbəkəsi 2015-ci ildə yaradılmışdır. Şəbəkə əsasən bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə əməkdaşlıq üçün məlumat mübadiləsi məqsədi daşıyır. Yaşıl Enerji Şəbəkəsi QDİƏT-in nəzarəti altında Afina Milli və Kapodistrian Universitetinin Enerji Siyasəti və İnkişaf Mərkəzi (KEPA) tərəfindən idarə olunur.
· Enerji sahəsində regional əməkdaşlığın təşviqi məqsədilə 1994-cü ildə QDİƏT-in enerji üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun iclası ildə ən azı bir dəfə təşkil olunur.
· Azərbaycan Respublikası 2005-2007 və 2023-2025 illərində QDİƏT-in enerji üzrə işçi qrupunda əlaqələndirici ölkə olmuşdur. 01.07.2025-ci il tarixindən etibarən QDİƏT-in enerji üzrə işçi qrupunda əlaqələndirici ölkə Rumıniyadır (2025-2027).