Azərbaycanla Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə “OPEC plus” formatı və “Əməkdaşlıq Xartiyası” çərçivəsində əməkdaşlıq edir.

2016-cı ilin yanvarında Davos Dünya İqtisadi Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə OPEC-ə üzv və üzv olmayan ölkələrin əməkdaşlığı üçün yeni beynəlxalq enerji platformasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs sonradan “OPEC plus” formatının formalaşmasına mühüm töhfə vermişdir.

2016-cı il

29 oktyabr tarixində Vyanada OPEC-ə üzv və üzv olmayan ölkələrin Yüksək Səviyyəli Komitəsinin birinci iclası Azərbaycanın energetika nazirinin həmsədrliyi ilə keçirilmişdir.

10 dekabrda isə Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan, gündəlik neft hasilatının ümumilikdə 558 min barel azaldılmasını nəzərdə tutan sazişi imzalamışdır. Vyana Bəyannaməsinə uyğun olaraq, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaqla 834 min barel səviyyəsində hasilat öhdəliyi götürmüşdür.

2017-ci il

Azərbaycan neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin 2018-ci ilin birinci rübünün və ilin sonunadək uzadılması qərarlarına qoşulmuşdur.

2018-ci il

OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycanda səfərdə olmuşdur. 

Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı əldə olunan razılaşmanı dəstəkləmişdir.

“OPEC plus” nazirlərinin 5-ci iclasında neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunmuşdur. 2019-cu ilin yanvar ayından neft hasilatını sutkada OPEC tərəfindən 800 min barrel, kartelə daxil olmayan ölkələrin isə 400 min barrel azaldılması qərarı çərçivəsində Azərbaycan hasilatın 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürmüşdür. Ölkəmiz üçün gündəlik hasilat kvotası 776 min barrel müəyyənləşdirilmişdir.

2019-cu il

17-18 mart tarixlərində Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilmişdir.

İyulda OPEC və qeyri-OPEC ölkələri arasında qəbul olunmuş “Əməkdaşlıq Xartiyası”na Azərbaycan da qoşulmuşdur. Əməkdaşlıq Xartiyasının əsas məqsədləri neft hasilatçıları, istehlakçıları, investorlar və dünya iqtisadiyyatının xeyrinə neft bazarının sabitliyi, texnologiya və digər sahələrdə əməkdaşlığın təşviqi məqsədilə iştirakçı ölkələr arasında dialoqun asanlaşdırılması, neft bazarının qısa, orta və uzunmüddətli əsaslarını, o cümlədən inkişaf etməkdə olan qlobal enerji balansında neftə baxış barədə daha yaxşı anlayışın təşviq edilməsi, neftin uzunmüddətli istifadəsi üçün enerji siyasətlərinin dəstəklənməsindən ibarətdir.

“OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılmasının 2020-ci ilin 31 mart tarixinədək  tətbiqi nəzərdə tutulmuşdur.

Dekabrda “OPEC plus” nazirlərinin 7-ci iclasında 2020-ci ilin I rübündə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılmış, Azərbaycanın öhdəliyi 27 min barrel,  kvotası 769 min barrel müəyyənləşdirilmişdir.

2020-ci il

9-12 aprel tarixlərində OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilmiş 9 və 10-cu iclaslarında əldə olunmuş razılaşmaya əsasən, 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilmişdir.

“OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barrel azaldılması qərarı çərçivəsində Azərbaycanın öhdəliyi  may-iyun ayları üzrə 164 min barrel,  gündəlik xam neft istehsalı kvotası 554 min barrel müəyyənləşdirilmişdir.

Dekabrda nazirlərin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barrel azaldılması barədə qəbul edilmiş qərara uyğun Azərbaycanın öhdəliyi 123 min barrel,  kvotası 595 min barrel olmuşdur.

2021-ci il

Yanvar qərarında “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel olması əksini tapmışdır. Azərbaycanın 2021-ci ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart -aprel aylarında sabit şəkildə saxlanılmışdır.  

Apreldə “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barrelədək artırılması ilə bağlı qərar qəbul edilmişdir. “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,5 mln. barrel, iyunda 6,2 mln. barrel, iyulda isə 5,76 mln. barrel həcmində olmasına dair üç aylıq plan təsdiqlənmişdir. Azərbaycanın hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil etmişdir. Ölkədə gündəlik xam neft istehsalı kvotası müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılmışdır.

İyulda “OPEC plus” ölkələri nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılmasına, 2022-ci ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutmuşdur. Buna müvafiq olaraq Azərbaycanda gündəlik xam neft hasilatı oktyabrda 7 min barrel artırılaraq 640 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasına qərar verilmişdir.

Aylıq qəbul edilmiş qərarlara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda 7 min barrel artırılaraq 647 min, dekabrda 654 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min  və 64 min barrel həcmlərində təsbit edilmişdir. Dekabrda qəbul edilmiş  “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olmasını nəzərdə tutmuşdur.

2022-ci il

Hər ay mütəmadi keçirilən iclaslar zamanı “OPEC plus” üzrə neft hasilatının 400-432 min barrel artırılması ilə bağlı tənzimləməyə uyğun olaraq Azərbaycanda hasilat göstəricisi  hər ay 7 min barrel artırılmış, hasilat  kvotaları fevralda 668 min, martda 675 min,  apreldə 682 min,  mayda 688 min, iyunda 695 min müəyyən edilmişdir.

İyul, avqust aylarında “OPEC plus” üzrə hasilatın 648 min barrel artırılması ilə bağlı qərarlar çərçivəsində Azərbaycanın  gündəlik xam neft hasilatının 10 min-11 min barrel artırılaraq 706-717 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min-11 barrel həcmində olması nəzərdə tutulmuşdur.

Sentyabrda hasilatın100 min barrel artırılması ilə bağlı qərar Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılmasını ehtiva etmişdir. Oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı kvotası müəyyənləşdirilmişdir.

Oktyabrda 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara görə Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil etmişdir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını ehtiva etmişdir.

2023-cü il

İyunda OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunmuş, hasilat kvotası “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilmişdir.

Noyabrda keçirilmiş 36-cı iclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEC plus”a qoşulması razılaşdırılmışdır. 2024-cü il üçün Azərbaycanın hasilat kvotası sabit saxlanılmışdır.

2024-cü il

İyunda “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan dəstəkləmişdir. Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin 2025-ci ildə sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutmuşdur. 2025-ci ildə Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalmışdır.

Dekabrda keçirilmiş nazirlərin 38-ci iclası zamanı “OPEC plus” ölkələri 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barrel həcmində müəyyənləşdirmişlər. Bu razılaşmaya görə, Azərbaycanın gündəlik xam neft hasilatı kvotası 551 min barrellik sabit saxlanılmışdır.

2025-ci il

Mayda OPEC-in üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə etmişdir. Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit qalmışdır.

İyunda “Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə OPEC-in Baş katibi Haysam Əl-Qays görüşüb.

İyulda Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında energetika naziri Pərviz Şahbazov iştirak edib.

Noyabrda OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 40-cı iclasında gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qərara Azərbaycan öz dəstəyini ifadə edib.