Ümumi məlumat

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə yaradılmışdır. 28.11.1992-ci il tarixində daha 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda Təşkilatın 10 üzv ölkəsi var. Həmçinin Şimali Kipr Türk Cümhuriyyəti, Türkdilli Dövlətlər Təşkilatı (TDT) və Beynəlxalq Enerji Xartiyası təşkilatda müşahidəçi statusuna malikdirlər.

Təşkilatın əsas məqsədləri İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə alaraq regiondaxili və regionlararası ticarəti genişləndirməkdir.

Təşkilatın nizamnaməsinə uyğun olaraq İƏT çərçivəsində əməkdaşlıq aşağıdakı strukturlar vasitəsilə həyata keçirilir:

Zirvə toplantıları;

Nazirlər Şurası (xarici işlər nazirləri);

Daimi Nümayəndələr Şurası;

Regional Planlaşdırma Şurası;

 Katiblik.

Mənzil-qərargahı Tehran şəhərində yerləşən təşkilatın Baş katibi vəzifəsini hal-hazırda Pakistan nümayəndəsi Əsəd Məcid Xan tutur (2024-cü ilin avqust ayından etibarən). 2025-ci il üzrə təşkilatda sədrlik funksiyasını Qazaxıstan icra edir.

 

Azərbaycanla əməkdaşlıq

Azərbaycan Respublikası İƏT Nazirlər Şurasının 28.11.1992-ci il tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunmuşdur. 1997-ci ildən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri eyni zamanda Azərbaycan Respublikasının İƏT yanında daimi nümayəndəsidir. Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.

Azərbaycan İƏT-in 6-cı, 12-ci və 17-ci Zirvə görüşünə ev sahibliyi etmişdir (2006, 2012 və 2025).
İƏT-in 17-ci Zirvə görüşü 04.07.2025-ci il tarixində Xankəndi şəhərində keçirilmişdir.

Azərbaycan İƏT Nazirlər Şurasının dörd iclasına (1999, 2006, 2012 və 2023) ev sahibliyi etmiş və bu dövrlərdə təşkilata sədrlik etmişdir. Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində
2023-cü il təşkilatda “Yaşıl Keçid və Bağlantılar” ili elan olunmuş, həmçinin Şuşa şəhəri 2026-cı il üçün İƏT-in Turizm paytaxtı seçilmişdir.

İƏT Baş katibi Əsəd Məcid Xan Qlobal Bakı Forumunda iştirakla əlaqədar 12-15 mart 2025-ci il tarixlərində Azərbaycana səfər etmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazov tərəfindən qəbul edilmişdir.

İƏT Baş katibi Əsəd Məcid Xan 2024-cü ildə Bakı şəhərində təşkil olunmuş COP29 tədbirində, həmçinin, 2025-ci ildə Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvə görüşündə iştirak etmişdir.

2025-ci ilin noyabr ayından etibarən İƏT-in Təmiz Enerji Mərkəzi (TEM) Bakı şəhərində fəaliyyətə başlamışdır. TEM, İƏT regionunda enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi layihələrinin həyata keçirilməsini təşviq edir.