Ümumi məlumat

    Dünya Neft Şurası (WPC Energy)1933-cü ildə Dünya Neft Şurası (WPC) adı ilə yaradılmış, 2023-cü ildən Dünya Neft Şurası (WPC Energy) adlandırılan, baş qərargahı Londonda yerləşən       qlobal enerji təşkilatıdır.

    Təşkilata üzv olan 60 ölkə dünya üzrə bütün enerji istehsalı və istehlakının 96%-ni özündə birləşdirir.

   2023-cü ildə Dünya Neft Şurası (WPC Energy) tərəfindən aparılmış islahatlardan sonra onun fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilmişdir. Təşkilatın hazırkı strateji baxışı gələcək           nəsillərin rifahı naminə enerji sektorunda əməkdaşlığın davamlı inkişafına nail olmaq və mövcud enerji ehtiyatlarından səmərəlii stifadəni təşviq etməkdir.

    Təşkilatın prezidenti 2023-cü ildən Pedro Miras, baş direktoru isə Burcu Gunaldır.

    Dünya Neft Şurası (WPC Energy) ilə əməkdaşlıq

   Azərbaycan Respublikasında təşkilat ilə əlaqələndirməni 8 iyul 2005-ci il tarixində yaradılmış Milli Neft Komitəsi həyata keçirir.

   Milli Neft Komitəsinin sədri Azərbaycan Respublikasının energetika naziridir.

   WPC Energy Konqresi

· WPC Energy Konqresi enerji sahəsində əməkdaşlığı və strateji baxışı formalaşdıran dünyanın ən nüfuzlu platformalarından biridir. İki ildən bir təşkil olunan Konqres təşkilatın ən yüksək səviyyəli tədbiri hesab olunur.

· İlk dəfə 1933-cü ildə Londonda təşkil olunmuş Konqres son illərdə əsasən enerji keçidini sürətləndirən və qlobal enerji bərabərliyinə xidmət edən real həlləri araşdırmaq məqsədi daşıyır.

· Konqres çərçivəsində təşkil olunan sessiyalarda və sərgidə dövlət və hökumət başçıları, nazirlər, təşkilat və şirkət rəhbərləri tərəfindən çıxışlar və innovasiya nümayişləri edilir, eləcə də mövcud reallıqları əks etdirən və gələcəyin siyasətini formalaşdıran müzakirələr aparılır.

· 24-cü WPC Energy Konqresi 2023-cü ildə Kanadanın Kalqari şəhərində keçirilmişdir. Növbəti 25-ci Konqresin 2026-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində, 26-cı Konqresin isə 2028-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulur.

· WPC Energy Konqresinin ev sahibi ölkə üçün əsas üstünlükləri ölkənin qlobal enerji nüfuzunun yüksəldilməsi, enerji və texnologiya şirkətləri ilə əməkdaşlığın qurulması, milli iqtisadiyyatın stimullaşdırılmasını ehtiva edir.