<

BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) - keçid dövrünü yaşayan Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə tədbiridir. Proqramın əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan SPECA Proqramının iştirakçılarıdır.

Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilib. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilib. 2007-ci ildə Xarici işlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixində Bakı şəhərində Nazirlər Görüşü keçirilib.

Azərbaycan 2016-cı ildə SPECA-ya sədrlik edib. İqtisadiyyat Nazirliyinin və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) həmsədrliyi ilə 22-23 noyabr tarixlərində Gəncə şəhərində SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası keçirilib. Sessiya çərçivəsində Energetika Nazirliyində BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (BMTAİK) İcraçı direktoru Kristian Fris Baxla Energetika nazirinin müavini Gülməmməd Cavadov arasında görüş keçirilib.

11-13 sentyabr 2019-cu il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə SPECA-nın Su, Enerji və Ətraf Mühit üzrə İşçi qrupunun 23-cü iclası keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.