<

BMT-nin İnkişaf Proqramı (UNDP) 1965-ci ildə yaradılmışdır və hazırda dünyanın 170 ölkəsində fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi ölkələrin sosial-iqtisadi problemlərini həll etmək və yerli potensialı inkişaf etdirmək üçün yerli hökumətlərlə birgə işləyir. Təşkilatın əsas məqsədi demokratiya, yoxsulluğun azaldılması, böhranların qarşısının alınması, energetika, ekologiya, gender bərabərliyi və s. sahələr üzrə mövcud olan problemlərin həllində ölkələrə yardım etməkdir. Proqramın büdcəsi BMT üzvü olan ölkələrin könüllü töhfələri hesabına formalaşır. Qurumun direktoru 2017-ci ildən indiyədək Axim Ştaynerdir (Braziliya). UNDP-nin mərkəzi ofisi Nyu-York şəhərində yerləşir.
UNDP-nin Azərbaycandakı nümayəndəliyi 1992-ci ilin payızında fəaliyyətə başlamışdır. 2019-cu ildən etibarən UNDP və Azərbaycan Respublikası arasında əməkdaşlıq ayrıca Rezident Nümayəndə vasitəsi ilə həyata keçirilir. Hazırda UNDP-nin Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassettidir.
UNDP ölkənin istixana effekti yaradan zərərli qazların emissiyasının azaldılması, nəqliyyat və tikinti sektorlarında enerjidən səmərəli istifadənin artırılması istiqamətindəki səylərinə dəstək göstərir.
2030-cu il Gündəliyinə uyğun olaraq, UNDP Azərbaycan Hökumətinə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsində və ön plana çəkilməsində, eləcə də ölkənin milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılmasında dəstək göstərir.
2015-2020-ci illərdə Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən “Milli Fəaliyyət Planları (NAMA)” layihəsi həyata keçirilmişdir. Layihənin əsas icraçıları UNDP və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Layihə Qlobal Ekologiya Fondunun (GEF) maliyyə dəstəyi ilə həyata keçirilmişdir. NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. Layihə üç əsas sahəni əhatə edərək binaların enerji sərfiyyatının azaldılması, enerji baxımından səmərəli nəqliyyat sistemlərinin qurulması və kənd icmalarının təmiz enerji mənbələrinə çıxışının təmin edilməsinə yönəlmişdir. Layihə çərçivəsində 6 külək turbini və 63 kilovolt gücündə günəş panelləri quraşdırılmışdır. Həmçinin, istixana effekti yaradan qaz emissiyası təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi müvafiq sahələrə pilot investisiya qoyuluşları vasitəsilə həyata keçirilməkdədir.
3 iyul 2019-cu il tarixində UNDP-nin Rezident Nümayəndəsinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın energetika sektorunda islahatlara və UNDP-nin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində həyata keçirdiyi regional və qlobal layihələrə dair təqdimatlar edilib. Potensial imkanların təhlili əsasında qısa müddətdə əməkdaşlıq  sahələrinin müəyyənləşdirilməsi razılaşdırılıb.
11 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə UNDP-nin ölkəmizdəki Rezident Nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi və UNDP arasında Niyyət Protokolu imzalanıb.
27 yanvar 2020-ci il tarixində Energetika Nazirliyində Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar çərçivəsində əməkdaşlığın müzakirəsi məqsədilə təşkil olunmuş birgə işçi qrupun iclası keçirilib. Qarşı tərəfdən nümayəndə heyətinə UNDP-nin ölkəmizdəki Rezident Nümayəndəsinin müavini xanım Çaru Bist sədrlik etmişdir. İclasda Energetika Nazirliyi tərəfindən hazırlanmış bir sıra qanun layihələri üçün normativ və tənzimləyici aktların hazırlanmasında əməkdaşlıq müzakirə olunmuşdur.