BMT ilə Azərbaycan arasında əməkdaşlıq

BMT-nin (United Nations) Nizamnaməsi 1945-ci ilin 26 iyun tarixində San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və 1945-ci ilin 24 oktyabr tarixində qüvvəyə minmişdir. Hazırda BMT üzvləri sırasına dünyanın 193 ölkəsi daxildir.

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-ə üzv qəbul edilmiş və həmin ildə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi öz fəaliyyətinə başlamışdır.

Azərbaycan Respublikası BMT-yə üzv dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiq edilmiş 17 məqsədi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur.

Bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış və milli səviyyədə DİM-ə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmişdir.

DİM çərçivəsində qəbul olunmuş 7-ci Məqsəd “Sərfəli və Təmiz Enerji” (Affordable and Clean Energy) adlanır. Enerjinin əlçatanlığı, bərpa olunan enerji, enerji səmərəliliyi, enerji üzrə beynəlxalq əməkdaşlıq və enerji infrastrukturunda investisiyalar Məqsəd 7-nin əsasını təşkil edir.

DİM- lərin icrasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə indiyədək Azərbaycan 4 dəfə Könüllü Milli Hesabatını təqdim etmişdir (2017, 2019, 2021 və 2024-cü illər).

2025-ci ilin 24 oktyabr tarixində “BMT və Azərbaycan Respublikası Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030)” imzalanmışdır. Çərçivə sənədi dayanıqlı inkişafı sürətləndirmək üçün iki strateji prioriteti özündə birləşdirir:

ü Prioritet 1: İnklüziv sosial-iqtisadi artımın və insan inkişafının gücləndirilməsi

ü Prioritet 2: Ekosistemlərin və iqlimə davamlılığın, yaşıl artımın və ədalətli keçidin təşviqi

“BMT və Azərbaycan Respublikası Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası ilə bağlı müvafiq işlər aparılmaqdadır.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Təmiz Enerji Mərkəzi

Təmiz Enerji Mərkəzi (TEM) İƏT-in ixtisaslaşmış qurumu olmaqla yanaşı, UNIDO-nun Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsidir.

- 2021-ci ilin 27 noyabr tarixində Aşqabad şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında TEM Nizamnaməsi qəbul olunmuş və Azərbaycan Mərkəzə ev sahibliyi edəcək ölkə seçilmişdir.

- TEM-in Azərbaycanda yerləşməsi ölkəmizdə həyata keçirilən milli və regional yaşıl enerji layihələri üçün əlavə imkanlar yaratmaqla yanaşı, regional enerji proseslərində, o cümlədən Mərkəzi Asiya ilə enerji bağlantıları xüsusunda ölkəmizin rolunun möhkəmlənməsinə xidmət edəcəkdir. TEM-in Nizamnaməsi Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Pakistan tərəfindən imzalanmışdır.

- 2025-ci ilin 9 sentyabr tarixində Aysel Yaqubova TEM-in icraçı direktoru təyin olunmuş və TEM fəaliyyətə başlamışdır.

UNECE ilə əməkdaşlıq

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) 1947-ci ildə yaradılmışdır.

Azərbaycan 30 iyul 1993-cü ildən UNECE-nin üzvüdür. Azərbaycan Respublikasının Energetika Nazirliyi UNECE-nin sektorial komitələrindən biri olan Dayanıqlı Enerji Komitəsi ilə əməkdaşlıq edir.

UNECE-nin Dayanıqlı Enerji Komitəsinin fəaliyyətdə olan sədr müavinlərindən biri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətovadır.

UNECE-nin Dayanıqlı Enerji Komitəsinin fəaliyyətini həyata keçirmək məqsədilə komitənin tərkibində 6 ekspertlər qrupu və 1 mərkəz yaradılmışdır:

- Enerji Effektivliyi üzrə ekspertlər qrupu

- Bərpa olunan enerji üzrə ekspertlər qrupu

- Ehtiyatların təsnifatlaşdırılması üzrə ekspertlər qrupu

- Kömür mədənindən alınan metan üzrə ekspertlər qrupu

- Mədən yanacağından təmiz elektrik enerjisi istehsalı üzrə ekspertlər qrupu

- Təbii Qaz üzrə ekspertlər qrupu

- Qaz Mərkəzi

Azərbaycan Respublikasının Energetika Nazirliyi mütəmadi olaraq Dayanıqlı Enerji Komitəsinin və onun ekspertlər qruplarının iclaslarında, eləcə də UNECE tərəfindən təşkil olunan digər tədbirlərdə iştirak edir.

SPECA Proqramı

BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) - keçid dövrünü yaşayan Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə proqramıdır. Proqramın əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapmışdır. Proqramın iştirakçıları Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. SPECA-nın fəaliyyətinə BMT-nin regional komissiyaları (UNECE və UNESCAP) dəstək göstərir.

SPECA-nın Rəhbər Şurasının iclası və SPECA İqtisadi Forumu müvafiq sədr ölkə tərəfindən təşkil olunur.

Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilmişdir. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes Forum keçirilmişdir.

Azərbaycan 2016-cı və 2023-cü illərdə SPECA-ya sədrlik etmişdir. 2016-cı il 22-23 noyabr tarixlərində Gəncə şəhərində SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası, 2023-cü il 20-24 noyabr tarixlərində Bakıda SPECA Həftəsi keçirilmişdir.

Azərbaycan Respublikası Energetika Nazirliyi SPECA-nın Su, Enerji və Ətraf Mühit üzrə işçi qrupunun iclaslarında mütəmadi olaraq iştirak edir.

UNESCAP ilə əməkdaşlıq

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılmışdır.

UNESCAP-ın hazırda fəaliyyət göstərən 8 sektorial komitəsindən biri Enerji Komitəsidir. UNESCAP-ın Enerji Komitəsin fəaliyyətini həyata keçirmək məqsədilə komitənin tərkibində 2 ekspertlər qrupu yaradılmışdır:

- Enerji bağlantıları üzrə ekspertlər qrupu

- Müasir enerji xidmətlərinə universal keçid, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və mineral yanacaqlardan daha təmiz istifadə üzrə ekspertlər qrupu

Azərbaycan 31 iyul 1992-ci ildən UNESCAP-ın üzvüdür.

Dayanıqlı İnkişaf Məqsədlərinin 7-ci hədəfinə (Sərfəli və təmiz enerjiyə çıxış) doğru irəliləyiş məqsədilə UNESCAP-ın dəstəyi ilə “Azərbaycanın enerji sektoru üzrə Yol Xəritəsi" hazırlanmışdır.

Azərbaycan Respublikasının Energetika Nazirliyi UNESCAP-ın Enerji Komitəsi tərəfindən təşkil olunan tədbirlərdə mütəmadi iştirak edir.

İqlim dəyişiklikləri ilə mübarizə sahəsində əməkdaşlıq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) 1992-ci ildə qəbul edilmişdir.

Azərbaycan bu konvensiyaya 1995-ci ildə, Kioto Protokoluna 2000-ci ildə qoşulmuşdur.

12 dekabr 2015-ci il tarixində Parisdə keçirilən COP21 çərçivəsində 2020-ci ildən etibarən (Kioto Protokolu qüvvədən düşdükdən sonra) istilik effekti yaradan qazların atmosferə buraxılmasını tənzimləmək məqsədilə dünyanın 55 ölkəsi tərəfindən Paris Sazişi qəbul olunmuşdur.

22 aprel 2016-cı il tarixində Nyu-Yorkda, BMT-nin Mənzil Qərargahında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi zamanı Azərbaycan Respublikası sözügedən sənədə qoşulmuşdur.

31 oktyabr – 12 noyabr 2021-ci ilin tarixlərində Qlazqoda keçirilmiş COP26 zamanı Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının 40% azaldılması ilə bağlı öhdəlik götürmüşdür.

COP29

11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri COP29-a ev sahibliyi etmişdir.

COP29 Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslərdən üçü enerji sahəsini əhatə etmişdir:

- “COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi” (75 ölkə dəstəkləyib)

- “COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri” (65 ölkə dəstəkləyib)

- “COP29 Hidrogen Bəyannaməsi” (70 ölkə dəstəkləyib)

COP29 çərçivəsində Energetika Nazirliyi tərəfindən 22 tədbir (forum, dəyirmi masa, panel, dialoq, seminar, təqdimat, imzalanma və s.) təşkil edilmişdir.

10-21 noyabr 2025-ci il tarixlərində Braziliyanın Belem şəhərində təşkil olunmuş COP30 çərçivəsində Azərbaycanın yeni "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə"si (NDC) elan edilmişdir. Yeni NDC sənədinə əsasən Azərbaycanın 2050-ci ilə qədər emissiyaların azaldılması üzrə hədəfinin müddəti 15 il irəli çəkilmiş və 2035-ci ilə qədər 40% azaltmaq öhdəliyi götürülmüşdür.

COP30-da Azərbaycanın COP29 Prezidentliyinin iştirakı ilə aparılan danışıqlarda Türkiyənin COP31-ə ev sahibliyi etməsi, Avstraliyanın isə COP31 danışıqlarının Prezidenti olması qərara alınmışdır.