Ümumi məlumat

· 2015-ci ildə imzalanmış Beynəlxalq Enerji Xartiyası (BEX) bu sənədi imzalayan ölkələr arasında enerji əməkdaşlığını gücləndirməyə yönəlmiş siyasi bəyannamədir. BEX-in məqsədi davamlı inkişafı və enerji ehtiyatlarının suverenliyini nəzərə alaraq, açıq və rəqabətli enerji bazarlarını inkişaf etdirməklə enerji təhlükəsizliyini təşviq etməkdir. Beynəlxalq Enerji Xartiyası heç bir hüquqi və ya maliyyə öhdəliyi yaratmır.

· Enerji Xartiyası Müqaviləsində göstərilən prosedurlara uyğun olaraq, 03.12.2024-cü il tarixində Brüsseldə keçirilən 35-ci Enerji Xartiyası Konfransında Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilmiş mətni qəbul edilmişdir. 28.06.2025-ci il tarixində Avropa İttifaqı və Avropa Atom Enerjisi Birliyi rəsmi olaraq Enerji Xartiyası Müqaviləsindən çıxmışlar.

· 2021-ci ilin sentyabr ayından Enerji Xartiyası Katibliyinin Baş katibinin müavini vəzifəsini, 13.02.2024-cü il tarixindən isə Baş katibin səlahiyyətlərini Atsuko Hirose icra edir. 18.09.2025-ci il tarixində keçirilmiş Enerji Xartiyası Konfransının növbədənkənar iclasında Atsuko Hirose (Yaponiya) təkrar olaraq 4 illik müddətə Baş katibin müavini vəzifəsinə təyin edilmişdir.

     Azərbaycanla əməkdaşlıq

    “EU4Energy” Layihəsinin I Mərhələsi (2016-2020) çərçivəsində Enerji Xartiyası Katibliyinin dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi,    Eko-dizayn və Etiketləmə Qaydaları üzrə Yol Xəritəsi hazırlanmışdır.

   “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun 01.07.2022-ci ilin tarixində  qüvvəyə minmişdir. “Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları”   Nazirlər Kabinetinin 06.12.2022-ci il tarixli 432 nömrəli Qərarı və “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” Nazirlər Kabinetinin 20.02.2023-cü il tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

· 27.02.2023-cü il tarixində Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlamışdır. Azərbaycanın arbitraj bildirişində, Ermənistan tərəfindən 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarının pozulduğu və beləliklə beynəlxalq öhdəliklərini yerinə yertirilmədiyi Daimi Arbitraj Məhkəməsinin diqqətinə çatdırılmışdır.

· 19.11.2024-cü il tarixində Azərbaycan hökuməti Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim etmişdir.

      24.10.2019-cu il tarixində Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib.

     28.10.2020-ci il tarixində Energetika Nazirliyinin və Beynəlxalq Enerji Xartiyasının birgə təşkilatçılığı və Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Bakı Beynəlxalq Enerji Xartiyası     Forumu keçirilib.

      17.12.2020-ci il tarixlərində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib.

       03.06.2025-ci il tarixində energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumu çərçivəsində Enerji Xartiyası Katibliyinin Baş katibinin müavini Atsuko Hirose ilə görüşüb.