Ümumi məlumat

·   Baş qərargahı London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1991-ci ildə yaradılmışdır;

·   AYİB-in səhmləri beş qitədən 77 ölkəyə, eləcə də Avropa İttifaqı və Avropa İnvestisiya Bankına məxsusdur;

·   2020-ci ilin noyabr ayından etibarən AYİB-in prezidenti vəzifəsini Odile Reno-Basso (Fransa) icra edir.

Azərbaycan ilə əməkdaşlıq

AYİB ilə əməkdaşlığa 1992-ci ildən başlanılmış və 1993-cü ildə AYİB-in ölkəmizdə yerli nümayəndəliyi açılmışdır.

2019-cu ildə Böyük Britaniyanın London şəhərində keçirilmiş AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə AYİB arasında əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə AYİB arasında Azərbaycanın Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda (E5P) iştirakı ilə əlaqədar ianə haqqında Saziş, həmçinin, Azərbaycanın AYİB-in donor ölkələr icmasına qoşulması ilə bağlı Saziş imzalanmışdır.

AYİB ilə Azərbaycan arasında hazırkı əməkdaşlıq 2025-2030-cu illəri əhatə edən Ölkə Strategiyası sənədi ilə tənzimlənir. Strategiya sənədində bərpa olunan enerji istehsalı gücünün artması və yaşıl enerjiyə keçidə dəstək, eləcə də enerji və resurs səmərəliliyinin və iqlimə davamlılığın artması məsələləri öz əksini tapmışdır.

AYİB-in Azərbaycan üzrə həyata keçirdiyi layihələrin sayı təqribən 200-ə yaxındır.

AYİB tərəfindən kredit ayrılan layihələr:

 · Cənub Qaz Dəhlizi

       · 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası

       · 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası

       · “Bankə” Günəş Elektrik Stansiyas

      · “Biləsuvar” Günəş Elektrik Stansiyası

AYİB-in texniki yardım göstərdiyi layihələr:

· “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsi;

Layihə 22.12.2022-ci il tarixində Energetika Nazirliyi ilə AYİB arasında imzalanmış Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupu və AYİB tərəfindən cəlb edilmiş “DNV Energy Systems Germany GmbH” şirkəti tərəfindən sənədin hazırlanması istiqamətində icra qrafikininə uyğun olaraq işlər davam etdirilir.

· “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi;

Layihənin icrasına 2019-cu ildə başlanılmışdır. AYİB-in dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı keçirilmiş hərracda qalib gəlmiş Çinin “Universal International Holdings Limited” şirkəti ilə 21.11.2024-cü il tarixində COP29 tədbiri çərçivəsində müvafiq sənədlər imzalanmışdır. Hazırda stansiyanın tikintisi davam etdirilir.

· “Elektrik Şəbəkəsinə dair Qaydalar” layihəsi;

Sənəd layihəsi AYİB tərəfindən cəlb edilmiş məsləhətçi şirkət “DNV GL” (Norveç) tərəfindən hazırlanaraq Energetika Nazirliyinə təqdim olunmuşdur. Qaydalar Nazirlər Kabinetinin 25.06.2024-cü il tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 

· “Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ  çərçivənin tətbiqinin dəstəklənməsi” layihəsi;

Layihə çərçivəsində “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” hazırlanaraq Nazirlər Kabinetinin 28.09.2023-cü il tarixli 346 nömrəli Qərarı ilə təsdiq olunmuşdur.