- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Avropa İttifaqı (European Union – EU)
Avropa İttifaqı (European Union – EU)
Ümumi məlumat
· İnzibati mərkəzi Belçikanın paytaxtı Brüssel şəhəri olan Aİ-nin əsası 1 noyabr 1993-cü ildə qüvvəyə minən Maastrixt Müqaviləsi ilə qoyulmuşdur;
· 27 Avropa ölkəsi Aİ-yə üzvdür. Aİ bu ölkələrin ortaq iqtisadi, sosial və təhlükəsizlik siyasətlərini tənzimləyir;
· 2024-cü ilin dekabr ayından etibarən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayendir.
· Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş "Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" (TƏS) təşkil edir. Bu Saziş Azərbaycan və Aİ arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir.
Azərbaycanla enerji əməkdaşlığı
Azərbaycanla Aİ arasında enerji sahəsi üzrə imzalanmış sənədlər:
- 7 noyabr 2006-cı il tarixində imzalanmış Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu
- 13 yanvar 2011-ci il tarixində imzalanmış Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair Birgə Bəyannamə
- 13 yanvar 2011-ci il tarixində imzalanmış Azərbaycan və Aİ arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu
2022-ci ilin 4 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının enerji məsələləri üzrə sabiq komissarı Kadri Simson arasında görüş zamanı Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni Enerji Dialoqunun təsis edilməsi barədə razılıq əldə olunmuşdur.
Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqu üzrə müzakirə mövzuları:
· Cənub Qaz Dəhlizinin genişləndirilməsi;
· Dekarbonizasiya, enerji keçidi və bərpa olunan enerji;
· Enerji səmərəliliyi;
· Elektrik enerjisi;
· Hidrogen;
· Digər texnologiyalar.
Bugünədək Azərbaycan-Aİ Enerji Dialoqunun 3 iclası təşkil edilmişdir: 1-ci iclas 2022-ci ilin 18 iyul tarixində Bakıda, 2-ci iclas 2023-cü ilin 2 may tarixində Brüsseldə və 3-cü iclas 2025-ci ilin 13 iyun tarixində Brüsseldə keçirilmişdir.
Azərbaycan-Aİ Enerji Dialoqunun həmsədrləri Azərbaycan tərəfindən energetika naziri və Aİ tərəfindən Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarıdır.
2022-ci ilin 18 iyul tarixində Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun birinci iclası çərçivəsində “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanmışdır.
Cənub Qaz Dəhlizi (CQD) və Avropaya təbii qazın təchizatı
Azərbaycan Avropa üçün fasiləsiz qaz təchizatını təmin edən və ixracı davamlı olaraq artıran etibarlı enerji tərəfdaşıdır. 2020-ci ildən Avropaya qaz təchizatını həyata keçirən Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Avropaya qaz ixracı 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə 11,9 milyard kubmetr, 2024-cü ildə 13 milyard kubmetr, 2025-ci ildə 12,8 milyard kubmetr təşkil etmişdir.
Avropaya xam neftin ixracı
Aİ ölkələri Azərbaycanın neft ixracı üçün əsas istiqamət olaraq qalır və ixrac həcmləri davamlı olaraq artmaqdadır. 2024-cü ildə Aİ-yə 18,5 milyon ton (78,5%) neft ixrac edilmişdir. 2025-ci ildə Aİ-yə ixrac edilən neftin həcmi 21,1 milyon tonu keçərək ümumi neft ixracının 90,2%-ni təşkil etmişdir. İtaliya Azərbaycan üçün ən böyük bazar olaraq qalmaqdadır, ardınca isə Çexiya, Xorvatiya, Almaniya, Rumıniya və Portuqaliya gəlir. Bu, Aİ-nin Azərbaycanın əsas neft ixrac bazarı kimi artan rolunu vurğulayır.
Regional layihələr
“Xəzər- Qara dəniz- Avropa” Yaşıl Enerji Dəhlizi (iştirakçı dövlətlər – Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan)
2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır.
Dörd ölkənin ötürmə sistem operatorlarının iştirakı ilə layihənin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company” (“GECO Power Company”) 2024-cü ilin sentyabr ayında Buxarestdə təsis edilmişdir.