- ANA SƏHİFƏ
- Beynəlxalq Əməkdaşlıq
- Merlər Razılaşması
Merlər Razılaşması
Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması – Şərq tərəfdaşlığI
Merlər Razılaşması təşəbbüsü nədir?
Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü ilk dəfə 2008-ci ildə İqlim və Enerji Paketinin qəbul edilməsindən sonra Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədilə irəli sürüldü və 2015-ci ildən Merlər Razılaşması təşəbbüsü qlobal miqyas almağa başladı.
Merlər Razılaşmasının əsas hədəfləri aşağıdakılardan ibarətdir:
· enerji səmərəliliyi tədbirlərini həyata keçirmək və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz (İEYQ) emissiyalarını azaltmaq;
· iqlim dəyişikliklərinə uyğunlaşmada dayanıqlılığı artırmaq;
· bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək;
· hamı üçün təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etmək.
Merlər Razılaşması yuxarıda qeyd olunan məqsədlərə nail olmaq niyyətində olan, həmçinin Aİ-nın iqlim və enerji məqsədlərinin yerinə yetirilməsi üzrə üzərinə könüllü təşəbbüslə çıxış edən yerli və regional idarəetmə orqanları tərəfindən imzalanır. Təşəbbüsə qoşulmuş idarəetmə orqanı inzibati ərazi vahidi üzrə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (Sustainable Energy and Climate Action Plan – SECAP) hazırlamalı və həyata keçirməlidir. SECAP-ın həyata keçirilməsi Avropa İttifaqı, vətəndaş cəmiyyətləri, iqlim və enerji fondları, qeyri-hökumət təşkilatları və müxtəlif donorlar tərəfindən dəstəklənir.
Merlər Razılaşması təşəbbüsünü imzalayanlar
Merlər Razılaşması 11 minə yaxın yerli idarəetmə orqanı tərəfindən imzalanıb və hazırda dünyanın ən iri iqlim və enerji təşəbbüslərindən biridir. Merlər Razılaşmasına Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Belarusdan 56, Gürcüstandan 24, Moldovadan 52, Ukraynadan 268 şəhər bələdiyyəsi qoşulub.
Merlər Razılaşmasını imzalayan bələdiyyələrin öhdəlikləri Aİ-nin aşağıdakı iqlim və enerji siyasəti çərçivələri ilə əlaqələndirilir:
· 2008-2015-ci illərdə təşəbbüsü imzalayan bələdiyyələr üçün 2020-ci ilə iqlim və enerji tədbirləri paketi;
· 2015-ci ildən sonra imzalayan bələdiyyələr üçün 2030-cu ilə qədər olan müddətdə iqlim və enerji tədbirləri paketi, o cümlədən İqlim dəyişmələrinə adaptasiya ilə bağlı Avropa İttifaqı Strategiyası.
Merlər Razılaşmasının Şərq Tərəfdaşlığı ölkələrindən imzalayanlar iqlim dəyişikliyinin azaldılması və bu dəyişikliyin təsirlərinə uyğunlaşma üçün 2030-cu ilə qədər karbon qazı (CO2) emissiyalarını ən azı 30% azaltmaq və iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə ilk iki il ərzində SECAP hazırlamaqla bağlı öhdəlik götürürlər.
Ölkələrdə Merlər Razılaşmasını imzalayan, lakin onların tələblərini yerinə yetirmək üçün lazımi bacarıqları və/və ya resursları olmayan bələdiyyələrə strateji rəhbərlik, texniki dəstəyi təmin edən milli əlaqələndirici qurum fəaliyyət göstərir. Eyni zamanda, milli əlaqələndirici Aİ ilə bələdiyyələr arasında proqramın əlaqələndirilməsini təmin edir, SECAP hazırlanmasına və həyata keçirilməsinə yardım edir.
Merlər Razılaşması təşəbbüsü – Azərbaycan
2016-cı ildə Paris İqlim Sazişinə qoşulan Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər İEYQ emissiyaları miqdarının 35% azaldılması ilə bağlı könüllü öhdəlik götürdü. Bundan sonra, 2021-ci ilin noyabr ayında Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı Azərbaycan 2050-ci ilə qədər İEYQ emissiyaları miqdarının 40% azaldılması və işğaldan azad edilmiş əraziləri “xalis sıfır emissiya” zonası elan etməklə könüllü öhdəliklərini yenilədi.
Merlər Razılaşması təşəbbüsünə qoşulma regionlarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsinə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə kömək etməklə ölkəmiz tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməsində müsbət rol oynaya bilər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (2012-ci ildə) və Mingəçevir Bələdiyyəsi (2017-ci ildə) Merlər Razılaşmasına Azərbaycandan ilk qoşulanlardır.
2018-ci ilin 24 sentyabr tarixindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşmasının ölkə üzrə Milli Əlaqələndiricisi kimi müəyyən edildi.
2020-ci ildə təşəbbüsə Şəki, Gəncə (Nizami rayonu), Yevlax, Qazax, Şamaxı və Xaçmaz bələdiyyələri, 2022-ci ildə isə Abşeron Rayon Xırdalan Bələdiyyəsi qoşuldu və beləliklə, ölkəmizdən qoşulanların sayı 9-a çatdı.
2021-ci ildə Bakıda Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrimiz üçün “Merlər Razılaşması təşəbbüsü – Öhdəliklərdən icraya doğru” təlim seminarı keçirildi. Təlim SECAP-ın hazırlanması, 2030-cu ilədək CO2 emissiyasının azaldılması hədəfinə nail olma və s. mövzuları əhatə edirdi.
2022-ci ilin 11-15 aprel tarixlərində SECAP hazırlanması üçün təşəbbüsə yeni qoşulan bələdiyyə nümayəndələri üçün ilkin təlim seminarı, 2022-ci ilin 4 avqust tarixində isə SECAP-ın hazırlanması üzrə İşçi Qrupları və müvafiq İş qrafikini təsdiq edən uç bələdiyyə (Şəki, Xırdalan və Gəncə şəhərinin Nizami rayon bələdiyyəsi) üçün SECAP-ın hazırlanması üzrə ilkin məlumatların toplanması mövzusunda vebinar keçirildi.
2022-ci ilin noyabrında Tbilisidə keçirilən “Şərq Tərəfdaşlığı regionunda Merlər Razılaşmasının 10-cu ildönümü” adlı yüksək səviyyəli konfrans çərçivəsində təşəbbüsə yeni qoşulan bələdiyyələr üçün keçirilən rəsmi təltif mərasimində Xırdalan bələdiyyəsi də iştirak etdi. Tədbirdə, həmçinin Energetika Nazirliyi və Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, təşəbbüsə qoşulmuş digər bələdiyyələr təmsil olunmuşdu.
Qeyd etmək lazımdır ki, SECAP hazırlandıqdan sonra Merlər Razılaşması ofisinə təsdiq üçün təqdim edilir və bu sənəd layihələr üçün beynəlxalq donorlardan maliyyə vəsaitini cəlb etmək üçün mühüm rol oynayır.
Merlər Razılaşması təşəbbüsünə qoşulma
Təşəbbüsə “İmzalayan” qismində qoşulma aşağıdakı mərhələlərdən ibarətdir:
1. Yerli özünüidarəetmə orqanları Təşəbbüsə qoşulma istəyi və bununla bağlı müvafiq dəstəyin göstərilməsi üçün Energetika Nazirliyinə rəsmi müraciət edir.
2. Müvafiq razılaşdırma aparıldıqdan sonra bələdiyyə sədrinə və ya şuranın ona bərabər tutulan nümayəndəsinə Qoşulma formasını (Azərbaycan və ingilis dillərində) imzalamaq üçün mandat verilir.
3. Öhdəlik sənədi imzalandıqdan sonra Energetika Nazirliyi tərəfindən Merlər Razılaşması ofisinə təqdim olunur və bununla təşəbbüssə qoşulma yekunlaşır.
Təşəbbüsə qoşulmaya dair ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://www.com-east.eu/en/join-us/join-as-a-signatory/