Xəbərlər

Energetika naziri Natiq Əliyev beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil & Gas”) konfransında çıxış edib

02 iyun 2017

      Energetika naziri Natiq Əliyev Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil & Gas”) konfransında “Avropanın enerji təchizatında Azərbaycanın rolu” adlı plenar sessiyada çıxış edib. Energetika naziri 20 ildən çoxdur ki, ənənəvi qaydada keçirilən “Caspian Oil & Gas” konfransının neft-qaz sənayesindəki ən son yeniliklərin və yaranan problemlərin həlli yollarının təqdim olunmasındakı rolunu yüksək qiymətləndirib. Meqa layihələrin həyata keçirilməsində Azərbaycanla uzun yol qət etdiyinə görə bütün tərəfadaşlara təşəkkürünü çatdırıb. Neft və qaz konfransının dünya iqtisadiyyatında ciddi qlobal təlatümlərin baş verdiyi dövrdə keçirildiyini qeyd edən Natiq Əliyev deyib ki, dünyada geosiyasi və iqtisadi proseslərin nəticəsi kimi baş verən böhran təkcə neft-qaz sektoruna yox, həm də maliyyə, sosial iqtisadi sahələrə də təsir göstərib. Ukrayna-Rusiya münasibətlərinin Avropanın qaz təchizatında yaratdığı problemlər həm Avropada, həm Şimali Afrikada, Yaxın və Orta Şərqdə, o cümlədən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdə, xüsusilə də İraq, Liviya və Nigeriyada baş verən proseslər neftin qiymətinə təsir etməklə, qlobal təhlükəsizliyi təhdidlərlə üzləşdirib. Dünya bazarında neftin qiymətinin 2000-ci illərdən bəri ən aşağı həddə düşdüyünü vurğulayan energetika naziri hesab edir ki, proses uzun müddət belə davam etsə, iri neft şirkətləri əsas layihələri, kəşfiyyat, qazma işlərinin həcmini azaltmağa və ekoloji, infrastruktur və sosial yönümlü proqramları dayandırmağa məcbur olacaqlar. Natiq Əliyevin sözlərinə görə, Azərbaycan böhrandan ən az zərər çəkmiş ölkələr sırasında qərarlaşıb və iqtisadiyyatın neftdən asılılığının azadılması istiqamətində ardıcıl addımlar atılır. Neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihələrin icrasını davam etdirir. Bütün hökumətlərlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır. Nazir son hesablamalara görə, Azərbaycanın sübut edilmiş 2 milyard ton neft və 2,6 trilyon kubmetr təbii qaz ehtiyatlarının olması, neft hasilatının 1997-ci ildəki illik 9 milyon tondan, 2010-ci ildə illik 51 milyon tona çatması, ötən il 41,7 mln. ton neft və 29,7 mlrd. kubmetr təbii qaz hasil edilməsi barədə məlumatları da diqqətə çatdırıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin üstünlüklərini, enerji resurslarının nəqli üçün tranzit imkanlarının müstəsna əhəmiyyətə malik olmasını qeyd edib. Bildirib ki, uzunluğu 3500 km olan Cənub Enerji Dəhlizi təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihədir. Cənub Enerji Dəhlizinin ilkin olaraq illik gücünün 25 mlrd. kubmetrədək artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi nəzərdə tutulur. Yeni Transanadolu Boru Kəməri (TANAP) 1850 kilometrlik məsafədə Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək. TANAP regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. "Bu günə qədər Türkiyənin Rusiya qazından asılılığı 58% təşkil edir. Bu layihə əlavə 6 mlrd.kub metr qazın verilməsi ilə Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək. Digər tərəfdən, TANAP-la nəql olunan qaz Rusiya qazından daha ucuz başa gələcək". Türkiyə-Yunanıstan sərhədindən başlayaraq , Yunanıstan, Albaniya ərazisindən və Adriatik Dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanan Transadriatik Boru Kəmərinin (TAP) tikilməsi ilə enerji dəhlzinin yaradılması başa çatdırılacaq. Cənub Enerji Dəhlizi Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və bu layihə Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək. Bu kəmər bir sıra ölkələri Azərbaycan qazı ilə təmin edəcək. Nazirin sözlərinə görə, TAP Bolqarıstanın qaza olan tələbatının 40%-i təmin etmək iqtidarındadır. Bundan başqa, İonik-Adriatik boru kəmərinin (IAP) tikintisi planlaşdırılır. Bu boru kəməri ilə Azərbaycan qazı Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılacaq. Eyni zamanda, buraxılış qabiliyyəti 6 mlrd. kubmetr olacaq Macarıstan-Rumıniya interkonnektorunun tikilməsi planlaşdırılır. Bu interkonnektor "Cənub qaz dəhlizi" sisteminə qoşulacaq. Natiq Əliyev çıxışında “Cənub Qaz Dəhlizi”nin icra vəziyyətinə də toxunub. Bildirib ki, dəyəri, təxminən, 23,8 mlrd. dollar olan “Şahdəniz II Mərhələ “ layihəsi çərçivəsində işlərin 71%,-i yekunlaşıb. İlk qaz 2018-ci ilin sonunda Gürcüstan və Türkiyəyə tədarük ediləcək. Dəyəri 4,9 mlrd dollar təşkil edən CQBK-nin genişləndirilməsi üzrə işlərin də, təxminən, 55% -i başa çatdırılıb. 9,3 mlrd. dollarlıq TANAP layihəsi üzrə işlərin icrası hazırda uğurla davam etdirilir. 2016-ci il mayın 17-də təməli qoyulan və 6 mlrd. dollar dəyərində qiymətləndirilən TAP üzrə hazırlıq işlərinin 10% -i yekunlaşıb. Natiq Əliyev bəyan edib ki, bizim məqsədimiz çox güclü, genişmiqyaslı qaz dəhlizi formalaşdırmaqdır. “Gələcəkdə Türkmənistan və Qazaxıstan Avropa bazarına öz böyük qaz resurslarını ixrac etmək üçün tikdiyimiz infrastrukturdan istifadə edə bilər. Mən hesab edirəm ki, bu, sadəcə, regionda yeni qaz erasının başlanğıcıdır. Çünki İran və İraqın da qaz və enerji ehtiyatlarının əlavə edilməsi mümkündür. Bu, Xəzər dənizindən Avropanın ürəyinə uzanan yolda bütün ölkələrə fayda gətirməsi üçün nəzərdə tutulan unikal layihədir” – deyə Natiq Əliyev sözlərinə əlavə edib. Energetika naziri çıxışını neft-qaz sənayesinin hüdudlarından çox-çox kənara çıxan bu layihənin, ölkələrimizin və regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyacağına inamla yekunlaşdırıb.