Xəbərlər

Ukrayna Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

01 iyul 2016

      Azərbaycan- Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində Energetika Nazirliyində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələrinin də iştirakı ilə Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubkonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hazırki səviyyəsinin qənaətbəxş qiymətləndirildiyi görüşdə energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə diqqət yönəlib. Energetika naziri Natiq Əliyev Ukrayna ilə Azərbaycan arasında səmimi dostluq münasibətlərinin inkişaf etdiyini və iqtisadi əməkdaşlığın bu inkişafa böyük töhfə verdiyini vurğulayaraq, deyib ki, Hökumətlərarası Komissiya çərçivəsində imzalanan saziş və irəli sürülən təkliflər enerji sahəsində əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına təkan verəcəkdir. Bildirilib ki, Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi vacib rol oynayır. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin Xəzər-Qara dəniz regionunda mövqeyini gücləndirəcəkdir. Ukraynanın neftə tələbatının yüksək olduğunu xatırladan Natiq Əliyev Azərbaycanın bu ölkəni əlavə xam neftlə təchiz etməsinin qarşılıqlı fayda doğuracağını diqqətə çatdırıb. O, “SOCAR Energy Ukraine” şirkətinin timsalında enerji əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirərək, növbəti 10 illik proqramların hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. Energetika naziri Azərbaycan neftinin Ukrayna neft emalı müəssisələrinə tədarükü və Avropa ölkələrinə tranziti ilə bağlı rəsmi Kiyevin maraqlarının hər iki ölkə üçün faydalı olduğunu qeyd edib. Bildirib ki, artıq real addımlar üzərində çalışmaq lazımdır. Gennadi Zubko isə bildirib ki, Ukrayna ərazisindən keçməklə Azərbaycan neftinin Avropaya nəqli, qaz mənbələrinin şaxələndirilməsi, qaz terminalının tikilməsi kimi məsələlər onun ölkəsi üçün enerji əməkdaşlığında prioritet istiqamətlərdir. Layihələrin həyata keçirilməsi üçün lazımi imkanların mövcud olduğunu deyən G.Zubko Ukrayna ilə Azərbaycanın enerji sahəsindəki gələcək əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafı üçün əhəmiyyətli olacağına inamını ifadə edib. Müzakirələrin yekununda energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsi və irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə ikitərəfli görüş və müzakirələrin keçirilməsi qərara alınıb. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər də müzakirə edilib.