Xəbərlər

Qazaxıstan energetika nazirinin müavini Energetika Nazirliyində olub

19 oktyabr 2016

     “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Qazaxıstan energetika nazirinin müavini Maqzum Mirzaqaliyev Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb. Görüşdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin Azərbaycanın əsas prioritetlərindən olduğu, bu məqsədlə 2004-cü ildə qəbul edilmiş “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması” üzrə dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlərin qoyulduğu, külək parkları, günəş stansiyaları, kiçik çaylar üzərində elektrik stansiyalarının inşa olunduğu qeyd edilib. Energetika naziri Natiq Əliyev deyib ki, görülən işlərə rəğmən ölkənin energetika balansında alternativ və bərpa olunan enerjinin payı o qədər də yüksək deyil və bu istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini, lazımi şəraitin yaradılmasını, stimullaşdırıcı tədbirlərin görülməsini və qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edir. Bununla yanaşı, Natiq Əliyev hesab edir ki, alternativ və bərpa olunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək. Qazaxıstan energetika nazirinin müavini Maqzum Mirzaqaliyev isə gələcəyin enerjisinin müəyyən edilməsi baxımından gələn il keçiriləcək EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sərgiyə hazırlığın gedişatı barədə məlumat verib. Nazir müavini həmçinin energetika naziri Natiq Əliyevin EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisi çərçivəsində 11-14 iyun 2017-ci il tarixində Astanada keçrilməsi nəzərdə tutulan “Dayanıqlı inkişaf üçün enerji” VIII Beynəlxalq Forumu və Nazirlərin Konfransına dəvət edildiyini diqqətə çatdırıb. Bundan başqa, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, “Kaşağan” yatağından hasil edilən neftin ixracı, Qazaxıstan üçün şaxələndirilmiş ixrac sisteminin yaradılmasının vacibliyi və bu məqsədlə Çin istiqamətində planlaşdırılan layihələr, eləcə də Orta Asiyanın enerji mərkəzi kimi mövcud vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.