Xəbərlər

2018-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub

11 dekabr 2018

Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barrel olub. Bunun 733 min barrelini xam neft, 68 min barrelini kondensat təşkil edib. Gündəlik 605 min barrel xam neft, 68 min barrel kondensat, 6 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. 

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun  ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında 796 min barrel, oktyabr ayında isə 783 min barrel olub.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü.

 Cari ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.