Xəbərlər

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatının keyfiyyəti müzakirə edilib

20 noyabr 2018

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə 8 sentyabr 2017-ci il tarixində imzalanmış Niyyət Protokolu çərçivəsində  baş tutub.

Seminarda CEER ekspertləri Latviyanın Kommunal Xidmətlər üzrə Komissiyasının sədri Rolands İrklis və İrlandiyanın Kommunal Xidmətlərinin Tənzimlənməsi üzrə Komissiyasının Elektrik şəbəkələr üzrə meneceri Robert OʼRurk  elektrik enerjisi təchizatı sahəsində keyfiyyətli xidmətin təmin olunması istiqamətində Avropa ölkələrində həyata keçirilən tədbirlərdən danışıblar. Ekspertlərin təqdimatları xidmət keyfiyyətinin müxtəlif səviyyələri, şəbəkə itkiləri, elektrik enerjisi təchizatında fasilələr, gərginlik dəyişmələri və tezliyin tənzimlənməsi kimi mövzuları əhatə edib.  

Bildirilib ki, belə təcrübə mübadiləsi gələcəkdə elektrik enerjisi təchizatı sektorunda xidmət keyfiyyətinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlərə töhfə verəcəkdir.