Xəbərlər

Enerjinin tənzimlənməsinə dair əsas fəaliyyət istiqamətləri müzakirə olunur

24 oktyabr 2018

Bakıda Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatının (ANRE) birgə iştirakı ilə “Enerjinin tənzimlənməsinə dair əsas fəaliyyət istiqamətləri” adlı üçgünlük seminar öz işinə başlayıb. Tədbir enerji sektorunda aparılan islahatlara dəstək məqsədilə enerji ilə bağlı proseslərin tənzimlənməsində beynəlxalq təcrübənin öyrənilməsi  çərçivəsində keçirilir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib ki, təmsil etdiyi qurum hazırda ölkədə kommunal xidmət səviyyəsinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması, enerji sektorunda restrukturizasiyanın aparılması, bazar münasibətlərinin tənzimlənməsi, istehlakçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsinə çalışır: ”Bu hədəflərə çatmaq üçün biz bu sahədə müsbət təcrübəyə və biliyə malik ölkələrlə əməkdaşlıq edirik.  Bu baxımdan bu günkü tədbir vasitəsi ilə Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatı  qabaqcıl təcrübənin öyrənilməsinə  və bizim üçün yeni olan bu fəaliyyət sahəsinin qurulmasına  töhfə verəcəkdir.”

Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatının (ANRE) prezidenti Dumitru Kiritsa isə təşkilatın fəaliyyətindən, enerji sektorunun tənzimləmə prosesinin həyata keçirilməsi üçün vacib şərtlərdən danışıb. 

Sonra enerjinin istehsalı, ötürülməsi və paylanması sahələrinin bir-birindən ayrılması, enerji sektorunun  restrukturizasiyası, özəlləşdirilməsi və liberallaşdırılması, həmçinin elektrik enerjisi və qazın nəqli ilə bağlı tarif metodologiyası ətrafında müzakirələr aparılıb. Ruminyada fəaliyyət göstərən tənzimləyici orqanın səlahiyyəti, müstəqilliyi və məsuluyyəti, həmçinin müzakirə olunan məsələlər üzrə təqdimatlar edilib.

Qeyd edək ki, seminar elektrik enerjisi və qazın paylanmasına dair tarif metodologiyaları, elektrik enerjisi, qaz sektorlarında lisenziya, icazə və hüquqların verilməsi, eləcə də reaktiv enerjinin kompensasiyası ilə bağlı mövzuların müzakirəsi ilə davam etdiriləcək.