Xəbərlər

Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb

26 sentyabr 2018

  Avropa İttifaqının EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.

  Energetika nazirinin müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki,  energetika sektoru qarşısında  mühüm hədəflər strateji yol xəritəsində  müəyyənləşdirilib  və  bu,  enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər.

   Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırki səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək.   

  Bildirilib ki, sənəd hazırlanarkən ölkə üçün strateji hədəflər, inkişaf meyilləri, enerji resurslarının dinamikası, enerji təhlükəsizliyinin təminatı, enerji istehlakının strukturunda dəyişikliklər, bərpa olunan enerji mənbələri, beynəlxalq tendensiyalar, iqlim siyasəti  kimi məsələlər nəzərə alınmalı və  digər ölkələrin təcrübəsindən istifadə edilməlidir.

  Tədbirdə enerji sahəsində strateji sənədlərin hazırlanmasına dair Avropa İttifaqı ölkələrinin təcrübəsi və enerji strategiyalarının təhlili, enerji sektorunun modelləşdirilməsi mövzularında təqdimatlar dinlənilib. Neft-qaz və elektrik enerjisi  sektorları üzrə prioritetlər və strateji məqsədlərlə bağlı müzakirələr aparılıb.