Xəbərlər

Energetika Nazirliyində “SMART market (Elektroenergetika - islahatlar və intellektual bazar)” kitabının təqdimatı keçirilib

16 yanvar 2018

    Energetika Nazirliyində nazirliyin tabeliyində olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin baş energetiki, mühəndis Tahir Cəfərovun “SMART market” (Elektroenergetika - islahatlar və intellektual bazar) adlı kitabının təqdimatı keçirilib. Tədbiri açan energetika nazirinin müavini Gülməmməd Cavadov  kitabı Azərbaycanda elektrik enerjisi sektorunda bazar münasibətlərinin formalaşmasına dəstək verəcək dəyərli əyani vəsait kimi qiymətləndirilib. Bildirilib ki, hazırda effektiv elektroenergetika bazarının yaradılması istiqamətində Avropa təcrübəsinə istinad edilməsi və bu təcrübənin Azərbaycanda həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazasının yaradılması mühüm prioritetlərdəndir. Kitab bu məqamları əks etdirməsi baxımından əhəmiyyətli mənbədir.

   Kitab haqqında ətraflı məlumat verən müəllif intellektual bazardan bəhs edən bu  vəsaitin oxucunu Avropada elektroenergetika sahəsində aparılan islahatların təcrübəsi ilə yanaşı, respublikanın energetika sektorunda yaradılmış mövcud imkanlar daxilində Avropa Direktivinə uyğun gələcək islahatların mümkün istiqamətləri ilə  tanış etmək məqsədi daşıdığını qeyd edib.

  Kitabda “Elektroenergetikanın yaranışında ilkin münasibətlər”, “Elektrik enerjisi bazar predmeti kimi”, “Elektroenergetika sistemlərinin mövcud idarəetmə modelləri” mövzularında maraqlı təhlillər aparılıb. “Elektroenergetika bazarları”, “Sutka əvvəl” və ya “Spot” bazar”, “Balanslayıcı” bazar”, “Xüsusi bazar”, “Elektrik enerjisinin pərakəndə satış bazarı” modelləri təhlil edilib.

 Təqdimatda iştirak edən bir sıra dövlət qurumlarının, tanınmış universitetlərin nümayəndələri tərəfindən “SMART market” (Elektroenergetika - islahatlar və intellektual bazar) kitabının gələcəkdə Azərbaycanda daxili bazarın formalaşmasında və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsində dərslik kimi istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

   Qeyd edək ki, kitab energetika sahəsində çalışan mühəndis, iqtisadçı, maliyyə işçiləri və tələbələr üçün nəzərdə tutulub.