Xəbərlər

Natiq Əliyevin xatirəsi anıldı

23 noyabr 2017

     Noyabrın 23-də Azərbaycanın görkəmli dövlət xadimi, “Şöhrət” ordenli əməkdar mühəndis, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Azərbaycan Respublikasının energetika naziri vəzifələrində çalışmış mərhum Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü tamamlanıb.

      Energetika Nazirliyi və ARDNŞ-in (SOCAR) nümayəndələri bu münasibətlə II Fəxri Xiyabanda mərhumun məzarını ziyarət ediblər. Anım tədbiri SOCAR-da Natiq Əliyevin 70 illik yubileyinə həsr olunmuş toplantı ilə davam etdirilib. Toplantıda Natiq Əliyevin ölkəmizin neft-qaz sənayesindəki fəaliyyəti, müstəqil Azərbaycanın enerji tarixindəki xidmətləri barədə söhbət açılıb. Bildirilib ki, Natiq Əliyevin doğulduğu zaman, məkan, təhsili, karyerası, bütövlükdə, Azərbaycanın neft, enerji tarixinin inkişaf yoludur. Onun 23 noyabr 1947-ci ildə dünyaya göz açdığı Bakının Sabunçu rayonu Azərbaycanın hələ XIX əsrin tarixi sənədlərində təsadüf edilən unikal neft yataqları, neft sənayeçiləri və neftçilərin böyük bir nəslinin görkəmli nümayəndələri ilə məşhurdur.

       SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından idi. Onun adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan əsas-ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır: “O, bilikli neft mütəxəssisi idi. Neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı”.

         Sonra tədbir iştirakçıları "CBC" kanalının mərhum Natiq Əliyevə həsr etdiyi sənədli filmi izləyiblər.

         SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra Natiq Əliyevin “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda qazmaçı, texniki-geoloq, mühəndis-geoloqluqdan şöbə rəisi vəzifəsinədək yüksəlməsi, bu sahədə ən gənc elmlər namizədi olması faktlarını xatırladıb. Bildirib ki, Natiq Əliyevin 1984-cü ildə Azərbaycan KP MK-nın neft və kimya sənayesi şöbəsinə təlimatçı, daha sonra sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrinə irəli sürülməsi onun enerji sahəsində siyasi inkişafında böyük rol oynamışdı.

       Ötən əsrin 90-cı illərində Natiq Əliyev neft, neft-kimya, kimya sənayesi, maşınqayırma üzrə kurator kimi iqtisadiyyat və sənayenin qlobal inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, uzunmüddətli proqramlar və perspektiv planların hazırlanması, xarici investorlarla danışıqların aparılması və təşkilati işlərdə böyük təcrübə əldə edib.

       1993-cü ildən 2005-ci ilə qədər Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Direktorlar Şurasının sədri, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri, Azərbaycan Neftçilər Konqresinin prezidenti kimi fəaliyyəti ilə yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, transmilli layihələrin reallığa çevrilməsində mühüm rol oynayıb.

     2005-2013-cü illərdə Azərbaycanın sənaye və energetika naziri, 2013-cü ildən ömrünün son gününə qədər energetika naziri vəzifələrində çalışdığı müddətdə Natiq Əliyev  ölkəmizin enerji resurslarına olan tələbatının ödənilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsində, enerji təhlükəsizliyinin təmin olunmasında, Azərbaycanın regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilməsində, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasında və bu layihənin uğurla icrasında da  gərgin əmək sərf edib.

       Natiq Əliyevin təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, ABŞ-da, Böyük Britaniyada, dünyanın bir çox ölkələrində də yaxşı tanındığını deyən akademik bildirib ki, o, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi. Natiq Əliyevi tanıyanların qəlbində o həmişə bu cür də yaşayacaq.

        Daha sonra Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov uzun müddət bərabər çalışdığı Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb.

        Xatırladaq ki, Natiq Əliyev iyunun 9-da İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

        Allah rəhmət eləsin!