Xəbərlər

Avropa İttifaqının Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

10 noyabr 2017

Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən Pərviz Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib. Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə uğurlu nəticələrə nail olunub. Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Avropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək.

Səfir Kestutis Yankauskas da layihənin Avropa İttifaqının yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.