Xəbərlər

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində məqaləsi dərc olunub.

20 oktyabr 2015

Azərbaycanın uğur yolu: qazanılan nailiyyətlər məqsədyönlü siyasətin təntənəsidir

 

   Qlobal məkanda baş verən son gərgin proseslərlə tarixin yeni bir böhran mərhələsinə qədəm qoyması müasir dünyamızın bu günü və gələcəyinə yeni baxış bucaqlarının müəyyənləşməsini zəruri edir.
   Son illərə qədər özünün cəlbedici tərəqqi modeli ilə möcüzəvi nailiyyətlər qazanmış Çin də daxil olmaqla, bir sıra iri dövlətlərdə iqtisadi inkişaf tempinin xeyli zəifləməsi, genişmiqyaslı inflyasiya ilə xarakterizə olunan qlobal maliyyə böhranı dalğasının öz hüdudlarını getdikcə genişləndirməsi və bütün bunların həm də neftin kəskin ucuzlaşması şəraitində baş verməsi dünyada təbii qlobal inkişaf qanunauyğunluqlarından daha çox, geosiyasi amillər tərəfindən idarə olunan ziddiyyətli reallıqların ortaya çıxdığını göstərir.

 

   Reallıq bundan ibarətdir ki, uzun illər ərzində bütün dünyada sosial-iqtisadi inkişafın başlıca hərəkətverici qüvvəsi rolunda çıxış edən əsas təsirlərin, o cümlədən enerji resurslarının mövqeyi indi kifayət qədər zəifləmiş, bunun müqabilində siyasi amillər ön plana keçmişdir. Elə buna görə də dünyanın bir çox ölkələrində özünü göstərən iqtisadi böhranın əhatə dairəsi böyüdükcə, neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadi amillərlə izahına meyl azalır və “gizli sövdələşmələr nəzəriyyəsi” bu xüsusda daha maraqlı görünməyə başlayır.
   Afrikadan Asiyaya qədər böyük bir coğrafiyada gündən-günə alovlanan münaqişələrin dünyanın nizamını pozması, Yaxın Şərqdə, Ukraynada cərəyan edən proseslər, enerji resursları ilə zəngin regionların xaotik durumu müasir dünyamızın son dərəcə təhlükəli perspektivlərlə üz-üzə qaldığını, bu ağır vəziyyətdən xilas üçün qlobal səylərin birləşdirilməsinin labüdlüyünü göstərir.
   Oktyabrın əvvəlində İstanbulda keçirilən “G20 Energetika Nazirlərinin Görüşü” də məhz belə bir dövrdə - böyük güclərin qlobal problemlərin öhdəsindən birgə gəlmək ehtiyacının artıq hamı tərəfindən dərk edildiyi belə bir tarixi-siyasi şəraitdə baş tutmuşdur. Qısa arayış üçün qeyd edək ki, 19 ölkənin və Avropa İttifaqının üzv olduğu “G20 beynəlxalq forumu” təsis edildiyi 1999-cu ildən bəri beynəlxalq maliyyə sabitliyinin təşviqi ilə əlaqədar siyasi məsələlərin müzakirəsi, iqtisadi inkişafa maneə olan problemlərin həlli yollarının tapılması məqsədilə həm üzv dövlətlərin, həm də dünyanın bir çox ölkələrinin nümayəndələrini eyni ünvanda toplayır. Türkiyənin sədrliyi ilə keçirilən və qardaş ölkənin dəvəti üzrə Azərbaycanın da qatıldığı bu tədbirin mövzuları enerjiyə çıxış, alternativ enerji mənbələri və enerji səmərəliliyi kimi ümumdünya əhəmiyyətli məsələləri əhatə etmişdir.
   “Hər kəs üçün enerjiyə çıxış”, “Alternativ enerji” və “Enerji səmərəliliyi” mövzularına həsr olunmuş hər üç sessiyada səhraaltı Afrikada enerji çatışmazlığının doğurduğu narahatlıqlar, 2035-ci ilə qədər Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər və investisiya yatırımına ehtiyac məsələləri birmənalı şəkildə diqqətə çatdırılmış, dünyada alternativ enerjidən istifadənin sürətli inkişafı və bunun ekoloji baxımdan həm təmiz, həm də sərfəliliyi qeyd edilmiş, enerji təhlükəsizliyinin təminatında enerji səmərəliliyinin vacibliyi vurğulanmışdır.
   Xatırladaq ki, Azərbaycan tədbirin əsas mahiyyətini təşkil edən mövzular üzrə zəngin tarixi təcrübəyə malikdir. Belə ki, ölkəmiz elektrik enerjisi təminatına 100 faiz nail olmuş, son 10 ildə generasiya güclərinin artırılması və yeni xətlərin çəkilməsi nəticəsində Azərbaycan elektrik enerjisi təhlükəsizliyi məsələsininin də öhdəsindən uğurla gəlmiş, əhalinin qaza olan tələbatının tam ödənilməsi üçün qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədinin mühüm bir hissəsi artıq reallaşdırılmış, bununla yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri də enerji sektorunun əhəmiyyətli inkişaf istiqaməti kimi müəyyənləşdirmiş və enerji səmərəliliyi prioritet istiqamət kimi seçilmişdir. Odur ki, Azərbaycan bu mühüm beynəlxalq tədbirdə həm zəngin enerji resurslarına malik ölkə, həm enerji təhlükəsizliyini təmin etmiş dövlət, həm də iri enerji layihələrinin təşəbbüskarı qismində hər üç istiqamət üzrə öz böyük təcrübəsindən çıxış etmişdir.
   Əlbəttə, enerji resurslarına çıxış hər bir ölkənin enerji təhlükəsizliyinin ümdə məsələlərindən sayılır, lakin bu sırf həlledici amil də deyildir. “G20 Energetika Nazirlərinin Görüşü”ndə, bu məqamın üstündən sükutla keçməyə cəhd edilməsinə rəğmən, yerləşdiyi kifayət qədər mürəkkəb geosiyasi məkanın reallıqlarından irəli gələrək məhz Azərbaycanın bu gerçəyi xatırlatmasına ehtiyac var idi. Məsələ burasındadır ki, regionda sülh olmadan, siyasi və iqtisadi sabitlik təmin edilmədən dünyanın heç bir nöqtəsində nə enerjiyə çıxış, nə alternativ enerji mənbələrindən istifadə, nə də enerji səmərəliliyi məsələlərinin öz həllini tapması mümkün görünür. Çünki enerjinin, xüsusilə elektrik enerjisinin, neft və qazın bir bölgədən digər bir bölgəyə çatdırılması, istehsalçı, tranzit və istehlkaçı ölkələr arasındakı qarşılıqlı münasibətlərdən birabaşa asılıdır və siyasi münasibətlər yoluna qoyulmadan enerji problemlərinin həlli reallaşa bilməz. Buradan da belə nəticəyə gəlmək olar ki, hər bir ölkənin enerji təhlükəsizliyinin məhək daşı məhz siyasi təhlükəsizlik, siyasi sabitlikdir.
   Bu baxımdan, Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və qorunmasını əsas xətt kimi müəyyən etməsinin, bu yolda nümayiş etdirdiyi sarsılmaz qətiyyətin tarixi mahiyyəti dünyanın müxtəlif ölkələrində yaşanan mövcud qarşıdurmalar fonunda indi daha aydın dərk edilərək böyük rəğbət hissi ilə xatırlanmaqdadır.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dünyanı bürümüş böhran dövründə, riskli bir vəziyyətdə ölkəmizin dayanıqlı inkişafını, enerji ölkəsi kimi həlledici mövqeyini qoruyub saxlamasını, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək - “21-ci Əsrin müqaviləsi” kimi adını tarixə yazmış nəhəng enerji layihəsi “Cənub Qaz Dəhlizi ”nin uğurla həyata keçirilməsini məhz bu amillə, respublikamızda mövcud olan ictimai-siyasi sabitliklə izah etmişdir: “Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq. Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir”.
   Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycanın inkişaf modeli mürəkkəb qlobal bir situasiyada özünü doğrultmaqda və bütün sahələrdə inkişafı, nailiyyətləri təmin etməkdədir.
   Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın mühüm tərkib hissəsi kimi respublikamızda yanacaq-energetika kompleksi də əhəmiyyətli dərəcədə inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir. Yanacaq-energetika kompleksinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi yüksək nəticələrin əldə olunmasına imkan yaratmışdır. Cari ilin doqquz ayı ərzində respublikada 30441,6 min ton proqnoza qarşı 31 409,5 min ton, yəni, 967,9 min ton çox neft hasil edilmiş, hasil olunan neftin 6214,6 min tonu SOCAR-ın (6,6 min proqnozdan çox), 23533,7 min tonu AÇG-nin (871,0 min ton proqnozdan çox), 1661,2 min tonu isə “Şahdəniz”in (90,2 min ton proqnozdan çox) payına düşmüşdür. Xam neft 25596,8 min ton proqnoza qarşı 26473,9 min ton həcmində ixrac olunmuşdur ki, bu da proqnozdan 887,1 min ton çoxdur. SOCAR üzrə xam neftin emalı 4807,5 min ton proqnoza qarşı 4855,1 min ton, proqnozdan 47,3 min ton çox olmuşdur.
   Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin müdrikliyi və böyük siyasi iradəsi sayəsində inşa edilmiş və bu gün ölkə iqtisadiyyatının mühüm amillərindən olan Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir və boru kəməri vasitəsilə hazırda əsasən AÇG neftindən və “Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunur. Hesabat dövrü ərzində respublikadan 26,4 milyon ton neft ixrac edilmişdir ki, bunun da 25,1 milyon tonu Konsorsiumun, 1,3 milyon tonu SOCAR-ın payına düşür.
   Doqquz ay ərzində ölkədə hasil edilmiş 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri AÇG və Şahdəniz yataqlarından çıxarılmışdır. Hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon qaz hasil edilir.
   Şahdəniz yatağından hasil olunmuş 7189,0 milyon kubmetr qazdan -2315,4 milyon kub.m SOCAR-a, - 4239,9 milyon kub.m Türkiyəyə, -519,7 milyon kub.m Gürcüstana nəql edilmişdir. Cari ilin doqquz ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9728,8 milyon kub.m proqnoza qarşı, 10402,8 milyon kub.m (yəni 674,0 milyon proqnozdan çox) qaz resursu yaradılmışdır. Hasilatda azalma prosesinin dayandırılması və yenidən artımın əldə edilməsi, ilk növbədə neft və qaz hasilatı sahəsində ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərə Prezident İlham Əliyevin haqlı tənqidi iradları və nümayiş etdirdiyi qətiyyətli mövqe ilə bilavasitə bağlı olmuşdur. Geoloji-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkar edilməsi istiqamətində də mühüm işlər görülmüşdür. 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji kəşfiyyat işlərinə başlanmış, “Şəfəq-Asiman” dəniz bloku üzrə isə seysmik məlumatların interpretasiyası başa çatdırılmışdır.
   Azərbaycan Respublikası regionlarının, habelə Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında konkret dövrlər üzrə müəyyən edilmiş vəzifələrdən irəli gələrək yaşayış məntəqələrinin qazlaşdırılması uğurla davam etdirilir. Əhalinin və sənayenin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ölkənin qaz təsərrüfatının dinamik inkişafına yol açır. Ölkənin hər bir yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrimizin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun illər qaz təchizatından kənarda qalmış yaşayış məntəqələri də “mavi yanacaq”la təmin olunur. İstehlakçlların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təchizatının daha etibarlı təminatını təmin etmək məqsədilə Nehrəm duz yatağı bazasında, Tumbul sahəsində qazsaxlama anbarının da yaradılmasına başlanmışdır.
   İlk növbədə enerji təhlükəsizliyinin təminatının ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasındakı rolundan geniş söhbət açmağa, zənnimizcə, gərək yoxdur. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, son illər bu sahədə görülən tədbirlər, aparılan islahatlar sayəsində ölkənin elektrik enerjisinə tələbatı tam ödənilməklə ixrac potensialı artırılmış, bütün bu nailiyyətlər ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə böyük təkan vermişdir. 2015-ci ilin doqquz ayı ərzində 16,9 milyard kVts, o cümlədən istilik elektrik stansiyalarında 15,6 milyard kVts, su elektrik stansiyalarında isə 1,3 milyard kVts enerji istehsal olunmuşdur. İstilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 3,5 milyard kubmetr təbii qaz və 309,8 min ton mazut istifadə edilmişdir. Öz enerji təhlükəsizliyini təmin etmiş respublikamız hesabat dövrü ərzində 85,8 milyon kVts idxala qarşı 222,1 milyon kVts elektrik enerjisi ixrac etmişdir.
   Elektrik enerjisi ilə təchizatın etibarlılığının və keyfiyyətinin artırılması, o cümlədən iqtisadi səmərəliliyinin əldə olunması məqsədilə 2015-ci ilin 10 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalanmışdır. Bu sərəncamla Azərbaycan Respublikası ərazisində istehlakçılara elektrik enerjisini satın almaqla etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisinin çatdırılması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetirilməsi müəyyən edilmişdir. Həmin sərəncamın icrasının təmin olunması məqsədilə yaradılmış və tərkibində Azərbaycan Respublikası Energetika Nazirliyinin də təmsil olunduğu komissiya tərəfindən müvafiq işlər görülmüş, sərəncamdan irəli gələn məsələlərin vaxtında yerinə yetirilməsi təmin olunmuşdur. Energetika Nazirliyi tərəfindən “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti, o cümlədən Dövlət Neft Şirkətindən alınan təbii qaza görə ödənişlərin tam aparılması, energetikanın inkişafına investisiya qoyuluşu, paylayıcı elektrik şəbəkələrində əsaslı yenidənqurma işlərinin aparılması və maliyyələşdirmə məsələləri araşdırılaraq təhlil edilmiş, müvafiq sahənin sağlamlaşdırılması üçün bir sıra təkliflər irəli sürülmüşdür.
   Mövcud enerji imkanlarının qonşu ölkələrlə, o cümlədən İran İslam Respublikası ilə müştərək realizə edilməsi sahəsində də son illər müəyyən nailiyyətlər əldə olunmuş, Energetika Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikasının rəsmiləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının, habelə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə üzrə ətraflı müzakirələr aparılmış, görüşün nəticəsi kimi Saziş layihəsi barədə razılıq əldə olunmuşdur.
   Fikrimizcə, enerji resurslarından səmərəli istifadə və maliyyə intizamının gücləndirilməsi, enerji istehlakına görə ödənişlərin tam təmin olunması da ən vacib məsələlərdən biridir və bu məsələnin daimi nəzarətdə saxlanmasına ciddi ehtiyac vardır.
   Bu gün enerji səmərəliliyi dünyanın bir çox ölkələrində enerji problemlərinin həllində iqtisadi baxımdan ən təsirli və real vasitə hesab edilir. Enerji səmərəliliyi rəqabət mühitini artırmaqla istehlakçıların enerji təminatının yüksəlməsinə zəmin yaradır, həmçinin iqtisadi inkişafın dayanıqlığı, yaşıl iqtisadiyyata keçid, ətraf mühitin qorunması, rəqabətədavamlı ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni imkanlar açır. Ölkəmizdə enerji daşıyıcılarının bolluğu uzun müddət səmərəliliyi arxa planda saxlasa da, hazırda bu sahəyə xüsusi diqqət yetirilməsi son dərəcə aktualdır. “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında qeyd edildiyi kimi, məqsədimiz 2020-ci ilə qədər bütün istehlakçıların elektrik enerjisi ilə tam və etibarlı şəkildə təmin olunmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün enerji daşıyıcılarının istehsalı, çatdırılması və satışı zamanı yol verilən itkilərin azaldılması, elektrik stansiyalarının faydalı iş əmsalının artırılması və şərti yanacağın azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Enerji səmərəliliyi, ilk növbədə, köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır. Bu da elektrik enerjisi təchizatının etibarlığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaqdır. Hazırda elektrik enerjisi sektorunda maliyyələşdirmə ilə bağlı müəyyən məhdudiyyətlər vardır. Belə ki, elektrik enerjisinin mövcud parakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsi üçün kifayət etmir.
   Enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu istiqamətdə innovasiyaların tətbiqi, yeni texnologiyaların və investisiyaların cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması zəruri əhəmiyyət kəsb edir. Bu məqsədlə müvafiq qərar və digər normativ-hüquqi aktların layihələri hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər davam etdirilir. Bununla yanaşı, Energetika Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının yanacaq–enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı” layihəsinin hazırlanması üzrə müvafiq işlər görülür, həmçinin “Enerji resurslarından səmərəli istifadə və son təlabatçıların enerji effektivliyi üzrə dövlət Proqramı (2015-2025 –ci illər)” layihəsi hazırlanmışdır.
   Bu gün Energetika Nazirliyinin diqqət mərkəzində olan əsas məsələlərdən biri də “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi, layihənin icrasında yarana biləcək mümkün problemlərin vaxtında müəyyən edilərək vaxtında həllidir. Bu məqsədlə Energetika Nazirliyi layihə üzrə yaradılmış Dövlət Komissiyasının və Məşvərət Şurasının fəaliyyətində yaxından iştirak edir, həm də “Cənub Qaz Dəhlizi”ndə təmsil olunan dövlətlərlə ikitərəfli sıx əlaqələr yaradaraq, ciddi tədbirlər həyata keçirir.
   Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış, “Cənub Qaz Dəhlizi” layihəsində təmsil olunan ölkələrin enerji nazirlərinin Məşvərət Şurasının ilk iclasının əhəmiyyətini xüsusi qeyd edərək bildirmək istərdik ki, belə bir qarşılıqlı anlaşma, dəstək mühitində inşa olunan “Cənub Qaz Dəhlizi” Avropa Enerji Bazarına təbii qaz təchizatının yeni mənbəyinin təmin edilməsində mühüm yer tutacaqdır.
   “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ2” və “Cənub Qafqaz Qaz Boru Kəmərinin Genişləndirmə” layihəsi üzrə işlər qrafikdə nəzərdə tutulan vaxtdan xeyli irəlidədir. Hazırda layihə üzrə işlər sürətlə aparılır, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı tikinti sahəsi, Bakı Dərin Özüllər Zavodu və Boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam etdirilir, platformanın üst modulları və dayaq blokları istehsalat sahələrində qurulur. “Cənub Qafqaz Qaz Boru Kəmərinin Genişləndirmə” layihəsi çərçivəsində kəmər xəttinin inşası artıq başlanmışdır. Layihə üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir. Azərbaycanda boru kəməri marşrutunun ilk 200 km boyu torpaq sahələrinin əldə olunması başa çatmışdır və hazırda marşrutun qalan hissəsində torpaq sahələrinin əldə olunması həyata keçirilir. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir.
   “Şahdəniz Mərhələ 2” və “Cənub Qafqaz Qaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə ölkədə 20 000–dən çox insan tikinti işlərinə cəlb olunmuşdur ki, onların 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.
   Təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda qoyulmuş Trans-Anadolu qaz-boru kəməri layihəsi (TANAP) üzrə tikinti işləri də fasiləsiz şəkildə davam etdirilməkdədir. Martdan başlayan inşaat işləri ilə əlaqədar qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılmış, qaynaq işlərinə başlanmışdır. Bu layihə üzrə işlər hətta qrafiki qabaqlayır və bu da Azərbaycanın daha bir iqtisadi –siyasi zəfəri kimi qiymətləndirilir. 9 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu layihənin vaxtında icrasının mühüm əhəmiyyətinə xüsusi toxunmuşdur: “Biz çalışırıq və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin”.
   Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması istiqamətində də Yunanıstan, Albaniya və İtaliyada hazırlıq işləri görülür və kəmərin inşasına başlanması 2016-cı ilin əvvəlinə proqnozlaşdırılır. Bir sözlə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gələn il qarşımızda “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı çox ciddi və koordinasiya tələb edən işlərin görülməsi məsuliyyəti dayanır: “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam ki, “Cənub Qaz Dəhlizi”nin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, “Cənub Qaz dəhlizi” də Azərbaycanın növbəti qələbəsi olacaqdır”.
   “Cənub Qaz dəhlizi” trasmilli layihəsinin uğurları və Azərbaycanın son illər ərzində qazandığı digər sosial-iqtisadi nailiyyətlər belə bir reallığı diqtə edir ki, ölkələrin gələcək yüksəlişi üçün sülhün, sabitliyin, əmin-amanlığın alternativi yoxdur. Bu gün dünyanın qlobal maliyyə, iqtisadi böhrandan xilası da ayrı-ayrı regionlarda davam edən münaqişələrin aradan qaldırılmasından, siyasi sabitliyin təmin olunmasından, insanların təhlükəsizliyindən keçir. Yekunlaşmaqda olan kifayət qədər gərgin və mürəkkəb bir ilin formalaşdırdığı qənaət məhz budur.
   Bu yazı 20 oktyabr ərəfəsində qələmə alınmışdır. Həmin gün Azərbaycan energetikləri öz peşə bayramlarını növbəti dəfə qeyd edəcəklər. Azərbaycan energetiklərinin peşə bayramı günü kimi 20 oktyabr tarixinin müəyyənləşdirilməsi heç də təsadüfi deyildir. Düz 34 il əvvəl, 20 oktyabr 1981-ci ildə Azərbaycan İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə ölkəmizdə Energetiklərin Peşə Bayramı Gününün təsis edilməsi isə milli energetika tariximizin daha bir nailiyyəti, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir. Biz də 20 oktyabr Azərbaycan Energetiklərinin Peşə Bayramı Günü münasibətilə bu sahədə çalışan bütün həmkarlarımızı təbrik edir, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayır, xalqımızı, Prezidentimizi əmin edirik ki, Azərbaycan energetikləri ölkəmizin bu tarixi inkişaf mərhələsində üzərlərinə düşən missiyanı layiqincə həyata keçirmək üçün imkanlarını bundan sonra da əsirgəməyəcəklər.