Xəbərlər

Enerji səmərəliliyi ilə bağlı Azərbaycan-Avropa əməkdaşlığı intensivləşib

26 oktyabr 2017

      Bakıda Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində “Enerji səmərəliliyi sahəsində siyasətin işlənməsi və həyata keçirilməsi ilə bağlı ixtisaslaşdırma üzrə Milli seminar” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı nazirliklərarası işçi qrupunun ikinci iclası keçirilib.

    Avropa İttifaqının EU4Energy proqramının ölkə üzrə əlaqələndiricisi, energetika nazirinin müavini Gülməmməd Cavadov 4 illik işçi proqram çərçivəsində həyata keçiriləcək tədbirlərdən danışaraq, “Enerji səmərəliliyi və enerji effektivliyi haqqında” qanun layihəsinin qısa müddətdə hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

     Enerji Xartiyası Katibliyinin nümayəndəsi, EU4Energy proqramının meneceri xanım Bilyana Çobanova enerji effektivliyi strukturunun idarə olunmasını beynəlxalq təcrübə əsasında  izah edərək, bu istiqamətdə təkliflərini səsləndirib. Ukraynanın Enerji effektivliyi üzrə Dövlət Agentliyinin nümayəndəsi İqor Qorovıx enerji səmərəliliyi ilə bağlı Milli Fəaliyyət Planının həyata keçirilməsi və enerji effektivliyinin artırılmasına dair müqavilələr, enerji xidmətləri haqqında ətraflı təqdimatla çıxış edib.

     EU4Energy proqramının Moldova üzrə eksperti  Viktor Parlikov elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında effektivliyin əldə olunması, qiymətlərin tənzimlənməsi, eləcə də enerji səmərəliliyi fondunun yaradılması ilə bağlı ölkəsinin təcrübəsini bölüşüb. Ekspert “Enerji səmərəliliyi Fondu” haqqında qanunvericilik aktları hazırlanarkən Moldovanın səhvlərini təkrarlamamağı tövsiyə edib. Onun sözlərinə görə, qanun layihəsində fonda dair konkret tələblər irəli sürülməməlidir. Çünki belə tələblər fondun normal fəaliyyət göstərməsinə ciddi maneələr yaradır.

     Ukrayna və Moldovanın qazandığı nailiyyətlər və həyata keçirilən tədbirlər, milli fəaliyyət planında nəzərdə tutulan hədəflər iştirakçılarda xüsusi maraq oyadıb. Mövzu üzrə ətraflı müzakirələr aparılıb.

     Tədbir çərçivəsində “Enerji səmərəliliyi və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin Enerji Xartiyasının Katibliyi tərəfindən işlənilmiş ilkin variantı da işçi qrupu üzvlərinin iştirakı ilə müzakirə edilib. Qanun layihəsinin hazırlanması prosesinin nəzərdə tutulan müddətdə başa çatdırılması üçün əməkdaşlığın intensivləşdirilməsi zəruri hesab edilib. Layihə ilə bağlı müzakirələrin davam etdirilməsi və növbəti variantın yaxın vaxtlarda təqdim edilməsi razılaşdırılıb.