Xəbərlər

Energetika naziri “Total”ın Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti ilə görüşüb

26 oktyabr 2017

Energetika naziri Pərviz Şahbazov “Total” şirkətlər qrupunun Bakıda səfərdə olan Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Clementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın qaz potensialının reallaşdırılmasında “Total”ın rolunu yüksək qiymətləndirən nazir deyib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağının böyük həcmdə qaz ehtiyatları gələcəkdə həm ölkədaxili tələbatın ödənilməsində, həm də qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq.

Pərviz Şahbazov nəqletmə infrastrukturunun yaradılması və şaxələndirilməsinin isə qaz yataqlarının işlənməsində, bu sahəyə sərmayə cəlbində mühüm amillərdən olduğunu bildirib. Nazir müasir qazma qurğularından istifadə, eləcə də kəşfiyyat və qazma işlərindəki təcrübəsini tətbiq etməklə “Total”ın “Abşeron” yatağı üzrə işləri sürətləndirəcəyinə, bu yataqdan qaz hasilatının nəzərdə tutulan vaxtda başlayacağına ümidlərini ifadə edib.

“Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Clement isə “Abşeron” yatağının işlənməsi proqramı, birinci mərhələ üzrə aparılacaq kəşfiyyat-qazma işləri, hasil olunacaq qaz və kondensatın həcmi barədə ətraflı məlumat verib. O, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə nəzərdə tutulan tədbirlərdən də bəhs edib. Bildirib ki, bu faza üzrə, təxminən, 5 milyard kubmetr həcmində qazın hasili planlaşdırılır.

Görüşdə “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində “Total”ın mümkün iştirakı məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılıb.