Xəbərlər

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Sammitində iştirak edəcək

20 noyabr 2015

      Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv dövlətlərin dövlət və hökumət başçılarının noyabrın 23-də İranın Tehran şəhərində keçiriləcək 3-cü Qaz Sammitində Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. Xəzər regionunun qaz ehtiyatları ilə zəngin əhəmiyyətli ölkələrindən biri kimi Azərbaycanın bu təşkilatda istər üzv, istərsə də müşahidəçi qismində iştirakı Forumun rəhbərliyi tərəfindən dəfələrlə təklif olunub. 29 noyabr 2014-cü il tarixində Forumun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı ölkəmizin təşkilata qoşulmaqla qlobal qaz bazarında mühüm rol oyanayacağına əminliyini bildirmişdi. Aparılan çoxsaylı müzakirələr nəticəsində Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirakı məqsədəuyğun sayılıb. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərun təhlili Forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə Tehran şəhərində yaradılmış, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilmişdir. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 6 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70%-i, boru kəmərləri ilə ticarətin 35%-i, LNG istehsalının 85 %-i cəmləşir. Qaz İxrac edən Ölkələr Forumunun ilk Sammiti 2011-ci ildə Qətərdə, ikincisi isə 2013-cü ildə Moskvada keçirilib. Noyabrın 23-də Tehranda keçiriləcək 3-ü Sammitdə bir sıra ölkələrin, o cümlədən Rusiya, Türkmənistan, İraq, Venesuela, Nigeriya və Boliviyanın dövlət başçıları da iştirak edəcəklər. Sammitdə dünya enerji daşıyıcı bazarındakı vəziyyət müzakirə ediləcək. 3-cü Qaz Sammitinin nəticəsi kimi “Tehran Bəyannaməsi”nin imzalanması da gözlənilir.