Xəbərlər

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib

04 dekabr 2015

     Bakıda Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib. İclası açıq elan edən Azərbaycan Respublikasının energetika naziri, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Natiq Əliyev Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq münasibətlərinə əsaslandığını və həyata keçirilən birgə layihələrlə getdikcə inkişaf etdiyini bildirib. Qeyd edib ki, dünya iqtisadi məkanında baş verən dəyişikliklər, neftin qiymətinin ucuzlaşması faktı neft-qaz ölkələri kimi Azərbaycan və Qazaxıstanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ona görə də belə bir şəraitdə yeni təkliflər irəli sürülməli və yeni mexanizmlər işə salınmalıdır. Bu baxımdan, enerji sektoru ilə yanaşı, qeyri- –neft sektorunda, xüsusilə nəqliyyat və aqrar sahədə əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. N.Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2015-ci ilin yanvar-oktyabr aylarında 87,5 mln. ABŞ dollları, idxalın 74,4 mln. ABŞ dolları, ixracın isə 13 milyon dollar olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, qeyd edilən göstəricilər bu sahədə mövcud potensiala uyğun deyil. Real imkanlar iki ölkə arasında ticarət dövriyyəsinin xeyli artırılmasına şərait yaradır. Hər iki ölkə nəqliyyat infrastrukturunun genişləndirilməsində maraqlıdır. Azərbaycan tərəfi artıq Aktauda logistika mərkəzi tikib, öz növbəsində Qazaxıstan da Aktauda logistika mərkəzi inşa etməkdədir. Bütün bunlar Qazaxıstandan taxıl və digər məhsulların Azərbaycana gətirilməsinə şərait yaradacaq. Dəniz daşımalarının həcmi artdığı halda, ölkələrimiz arasında ticarət dövriyyəsi də artmış olacaq. İclasda Qazaxıstanın neft və neft məhsullarının maneəsiz olaraq Azərbaycan ərazisindən dünya bazarına nəqli məsələlərinə də diqqət yönəlib. Bildirilib ki, Qazaxıstanın neft və neft məhsullarının Batumi neft terminalı istiqamətində nəqli “Aktau-Bakı-Batumi” marşrutu üzrə həyata keçirilir. Batumi limanı üzrə neft və neft məhsulları daşımalarının həcmi 2015-ci ilin 11 ayı ərzində 3,3 mln. ton olub. Tərəflər neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının diversifaikasiyası sahəsində əməkdaşlığın genişləndirilməsini razılaşdırıblar. Qazaxıstan nümayəndələri dekabrın sonuna kimi Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan –Türkiyə marşutu üzrə “Nomad Ekspress” konteyner qatarının göndərilməsi istiqamətində aparılan işlər haqqında da məlumat veriblər. İclasda ticari-iqtisadi, yanacaq-energetika, kənd təsərrüfatı, nəqliyyat, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın stimullaşdirilması istiqamətində müvaqi tədbirlərin həyata keçirilməsi təklif edilib. Tərəflər Azərbaycanın sənaye məhsullarının Qazaxıstan bazarına çıxarılmasına dəstək verilməsini, Qazaxıstanda yaradılmış sənaye parklarının idarə olunma modellərinin öyrənilməsini, Aktauda Azərbaycan dövləti tərəfindən yaradılmış logistik mərkəzlərin fəaliyyətinin dəstəklənməsini və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini vacib sayıblar. Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, bu ölkənin ekologiya və energetika naziri Vladimir Şkolnik indiyə kimi ölkələrimiz arasında 100-dən artıq rəsmi sənədin imzalandığını, onların böyük qisminin neft-qaz, enerji sahəsini əhatə etdiyini xatırladıb. Azərbaycan tərəfinə Xəzər dənizinin Qazaxıstan akvatoriyasında yerləşən yataqlarının işlənilməsi təklifinin verildiyini nəzərə çatdırıb. İclasda 1998-ci il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişikliklərin edilməsinə dair Protokol da imzalanıb. Sənədi Azərbaycan tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabayev imzalayıb. Sonra Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Vladimir Şkolnik tərəfindən Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci Protokolu imzalanıb. İclasın yekununda keçirilən mətbuat konfransında tərəflər jurnalistləri maraqlandıran suallara cavab veriblər. Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmış İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarsı Komissiyasının indiyə qədər 11 iclası keçirilib. Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın fəaliyyət dövrü iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar, eləcə də digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.